Bakı – APA. QHT Əməkdaşlıq Alyansı 2013-cü il oktyabrın 16-da Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı monitorinq hesabatı yayıb.
Alyansdan APA-ya verilən məlumata görə, indiki mərhələdə ölkədə fəaliyyət göstərən və ictimai fikrə təsir gücü olan, eləcə də prezident seçkilərini özünün əsas hədəflərindən sayan, birbaşa və ya dolayısı ilə bu seçkidə iştirak edən 24 siyasi partiyanın resurslarının öyrənilməsi həyata keçirilib. Bu çərçivədə hər bir partiyanın sosial bazası, regionları əhatə etməsi kimi çox vacib elementlər monitorinq edilib.
Monitorinqə cəlb edilən partiyaları 4 qrupa bölmək olar. Birinci qrupa hakimiyyətdə olan YAP və ona yaxın – iqtidaryönlü partiyalar (AVP, ASRP, Vətəndaş Birliyi Partiyası), ikinci qrupa müxalifət partiyaları (AXCP, Müsavat, Vətəndaş Həmrəyliyi, KXCP, AXP, Ümid, ADP, ALP, AMİP, ACP, Azadlıq), üçüncü qrupa cəmiyyətdə nisbətən loyal müxalifət partiyaları kimi tanınan (Böyük Quruluş, VİP, Aydınlar, BAXCP, Ədalət, Demokratik İslahatlar, Milli Dirçəliş Hərəkatı) partiyalar, dördüncü qrupa isə marginal partiyalar (Sosial Demokrat, Kommunist partiyaları) daxil edilib.
Monitorinq aparılan partiyalardan 34%-i prezident seçkilərinə bir ildən də az vaxt qalmasına baxmayaraq, seçkilərdə öz namizədləri ilə iştiraklarına qərar versələr də, 66%-i hələlik mövqe açıqlamayıb. Monitorinqin subyekti olan 24 siyasi partiyanın üzvlərinin ümumi sayı 1 milyon 69 min 318 nəfər təşkil edir. Onlardan 581 748 nəfəri (54,4%) YAP-ın, 487 570 nəfər (45,6%) digər partiyaların payına düşür.
24 siyasi partiyanın bütünlükdə üzvlərinin sayı seçicilərin 21,74%-ni əhatə edir. Hakim partiya üzvlərinin sayı ümumi seçicilərin 11,82%-ni əhatə edir. Hakim Yeni Azərbaycan Partiyası ilə eyni siyasəti müdafiə edən Ana Vətən, Sosial Rifah və Vətəndaş Birliyinin hazırda 668 656 nəfər üzvü var və bu, seçicilərin 13,58%-ni təşkil edir.