Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, icazəsiz aksiyalara görə cərimələrin artırılması üçün “Sərbəst toplaşmaq azadlığı” haqqında qanuna, Cinayət və İnzibati Xətalar məcəllələrinə edilən əlavə və dəyişikliklər layihəsinin müəllifi Rafael Cəbrayılov deyib. O bildirib ki, icazəsiz aksiyaların adi iştirakçıları 300 manatdan 600 manata qədər, təşkilatçıları isə 1500 manatdan 3000 manata qədər cərimələnir: ““Sərbəst toplaşmaq azadlığı” haqqında qanunda izah olunur ki, təşkilatçı o şəxsdir ki, aksiya ilə bağlı razılıq məktubunu imzalayır və orada özünü təşkilatçı kimi təqdim edir. Yəni hansısa aksiya ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinə məktub ünvanlanır və aksiyanın kim tərəfindən təşkil olunduğu orada qeyd edilir”.
Son aksiyaya iştirakçı kimi qatılaraq təşkilatçı qismində cərimələndikləri bildirilən Gözəl Bayramlı və Turqut Qəmbər haqqında suala cavab verən R. Cəbrayılov bunun inandırıcı olmadığını söyləyib: “Əgər belə bir hal baş veribsə, bu, ancaq məhkəmə qərarıdır, qanundakı hansısa anlaşılmazlıqla bağlı deyil. Əgər onlar haqqında belə bir yanlış qərar verilibsə, məhkəmənin qərarından apelyasiya şikayəti versinlər”.