Bank Of Baku

Ramiz Mehdiyev: “Sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib aktoruna çevirib”

Ramiz Mehdiyev: “Sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib aktoruna çevirib”
# 21 iyun 2013 13:30 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Son illər prezident İlham Əliyevin rəhbərliyi altında əldə edilən sosial, iqtisadi və siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib aktoruna çevirib. Onun həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri milli çərçivəni keçərək bəşəriyyətin gələcəyi naminə uzun müddətli inkişafın təmin edilməsinə xidmət edir. Bugünkü tədbirdə 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə milli məsləhətləşmələrin müzakirəyə çıxarılması Azərbaycanın çoxsahəli fəaliyyət prioritetlərinin bariz nümunəsidir”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev 2015-ci ildən sonrakı dövr üçün Davamlı İnkişaf Məqsədləri üzrə milli məsləhətləşmələrə həsr olunmuş müzakirələrdə çıxışında deyib.

 

R. Mehdiyev bildirib ki, Azərbaycan müstəqilliyinin ilk dövründə vətəndaş müharibəsi, dərin iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü ilə üzləşib, torpaqlarının 20%-i işğal edilib, 1 milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb: “Bu çətinliklərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, Azərbaycan postsovet ölkələri arasında Minilliyin İnkişaf Məqsədlərinə (MİM) ilk sıralarda nail olmağı bacardı. Bu o deməkdir ki, Azərbaycan MDB ölkələri arasında daha sürətlə inkişaf etmiş və dünya ictimaiyyəti qarşısında təhsil, səhiyyə, gender bərabərliyi, idarəetmə və iqtisadi inkişaf sahəsində üzərinə götürdüyü öhdəlikləri uzun bir yol qət edərək uğurla yerinə yetirib.

 

Hazırda Azərbaycan Dünya Bankının adam başına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupunda və BMT İnkişaf Proqramının hesabatında isə “yüksək insan inkişafı” ölkələri qrupunda qərarlaşıb.

 

Azərbaycan dövləti bir tərəfdən MDB-də ən rəqabətədavamlı iqtisadiyyat qurdu, digər tərəfdən isə əldə olunan nəticələri əhalinin sosial rifah halının yaxşılaşdırılmasına yönəltməklə insan inkişafı indeksini MDB məkanı üçün ən yüksək səviyyələrə çatdırdı.

 

Prezident İlham Əliyevin inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt, davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətədavamlılığını artırıb, insan inkişafı indeksində yüksəlişini təmin edib, sürətlə irəliləyən azsaylı dünya ölkələrindən birinə çevirib. Bu siyasət 2015-ci ildən sonra da indiki sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edir.

 

Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan insan kapitalını yüksək inkişaf səviyyəsinə çatdıra bildi. 2015-ci ildən sonrakı dövrdə Azərbaycanın inkişafının əsasını insan kapitalı təşkil edəcəkdir. Bu o demək deyil ki, Azərbaycan enerji dövləti kimi əhəmiyyətini itirəcək. Əksinə Azərbaycan inkişafının yeni əsaslarını təyin edib, biliklərə və innovasiyalara əsaslanan, qloballaşan dünyanın müasir tələb və çağırışlarına cavab verən iqtisadiyyatını təkmilləşdirəcək”.

 

PA rəhbəri qeyd edib ki, Azərbaycanın əsas sərvəti onun yüksək mədəniyyətli və intellektual səviyyəsi olan xalqıdır: “Ümummilli lider Heydər Əliyevin inkişaf kursunun mərkəzində insan amilinin dayanması onun uğurunu təmin etdi. Azərbaycanda qurulan iqtisadi model öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanması ilə bilik iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə görə davamlı inkişaf prinsiplərinə və maraqların uzlaşdırılmasına görə sosial korporatizmə uyğun gəlir. Bu modelin unikallığı ondadır ki, balanslı və əhatəli şəkildə sosial-iqtisadi və mədəni inkişafı təmin edir, ekoloji tarazlığı qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin kimi çıxış edir.

 

Bunun nəticəsi olaraq Azərbaycan Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələr aparmaq üçün seçilən 80 ölkədən biridir. 2012-ci ildə cənab prezidentin təşəbbüsü ilə qəbul olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyası və BMT-nin Davamlı İnkişaf Məqsədləri arasında uyğunluğun olması onu göstərir ki, Azərbaycan dövləti öz inkişafını qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur.

 

Minilliyin İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti əldə etdiyi uğurları 2015-ci ildən sonra Davamlı İnkişaf Məqsədlərinə uyğun şəkildə daha da irəli aparacaq.

Son 10 il ərzində Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun səviyyəsi azaldılmış və əhalinin sosial rifahı yüksəlib. Eyni zamanda sahibkarların fəaliyyət mühiti onların təşəbbüskarlığını artırmış, yeni iqtisadi münasibətləri formalaşdırmış və geniş iqtisadi və sosial infrastruktur layihələri həyata keçirilmişdir. Əldə edilən ciddi uğurlar Azərbaycanı son illərdə dünya ölkələrini bürüyən iqtisadi böhranın neqativ nəticələrindən qorumuş, onun yüksək göstəricilərə nail olmasını şərtləndirib.

 

"Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyası inkişafın iqtisadi aspektləri ilə məhdudlaşmır, özündə səmərəli sosial müdafiə sisteminin qurulmasını, institusional potensialın gücləndirilməsinı, vətəndaş cəmiyyətinin inkişafını, mədəni irsin qorunmasını, ətraf mühitin mühafizəsini də əks etdirir. Göründüyü kimi, Azərbaycanın gələcək inkişaf siyasəti nəinki BMT-nin Davamlı İnkişaf Məqsədlərini əhatə edir, hətta daha da irəli gedərək ölkənin qlobal miqyasda özünəməxsus yer tutması üçün əhatəli bir konsepsiya kimi çıxış edir. 

 

Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrinin də açıq şəkildə Davamlı İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələrə qoşulması ölkəmizin qlobal miqyasda əhatəli, ədalətli və davamlı inkişaf yolunun tapılmasına verdiyi töhfədir.

 

Biz regional və qlobal məsuliyyətimizi başa düşərək BMT-nin bu təşəbbüsündə də fəal iştirak etmək əzmindəyik. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın dövlət olaraq məsuliyyəti artıq milli və regional səviyyədən qlobal miqyaslara çıxıb.

 

Ölkəmiz Afrika, Latın Amerikası, Karib hövzəsi ölkələrinin, həmçinin Əfqanıstan və İraqın inkişafında öz töhfəsini verməkdədir. 2015-ci ilə qədər Minilliyin İnkişaf Məqsədləri, daha sonra isə Davamlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti təkcə donor statusunda deyil, həm də xaricdə yatırdığı sərmayə və digər iştirak formalarından istifadə etməklə BMT-nin missiyasına böyük töhfələr vermək əzmindədir.

 

Bir daha əminliyimi ifadə etmək istəyirəm ki, Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla göstərdiyi nümunəvi siyasətini 2015-ci ildən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına verəcəyi töhfə ilə davam edəcək”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR