Balakən. Vüqar Heydərov - APA. Millət vəkilləri Rəbiyyət Aslanova və Əli Əhmədov bu gün Balakən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayon ağsaqqalları, ziyalılar və gənclərin qatıldığı tədbirdə ölkədə həyata keçirilən iqtisadi layihələdən, insan kapitalına qoyulan sərmayədən, xüsusən elm, təhsil və mədəniyyət sahəsindəki yeniliklərdən danışılıb.
Görüşdə bildirilib ki, son on ildə ölkə rəhbərliyi regionların inkişaf etdirilməsi, əhalinin maddi rifah halının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması istiqamətində Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları həyata keçirir. Artıq həmin proqramın 3-cü mərhələsi icra olunur. Dövlət proqramları Balakəndə də icra olunmaqdadır. Belə ki, son on ildə nəinki Balakən şəhəri, eləcə də onun ən ucqar kəndləri qazlaşdırılıb, 30 yaxın müasir məktəb inşa olunub, rabitə sistemi yenilənib. Azərbaycanda ilk dəfə kanat yolun Balakəndə fəaliyyətə başladığını qeyd edən natiqlər Balakəndə açıq səma altında muzey yaradıldığını, onlarla tarix və mədəniyyət abidəsinin bərpa olunduğunu söyləyiblər.
Tədbirdə həmçinin bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində hər kəsin aktiv olması, seçkilərin demokratik və şəffaf keçməsi üçün səy göstərilməsi diqqətə çatdırılıb.