Bank Of Baku

Şahin Mustafayev: "2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilib"

Şahin Mustafayev: "2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilib"
# 13 fevral 2013 03:37 (UTC +04:00)

Fevralın 12-də Bakı Biznes Mərkəzində prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. İqtisadi inkişaf naziri Şahin Mustafayev konfransda çıxış edərək qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev 2012-ci ildə hər bir rayonun inkişafı ilə bağlı əlavə tədbirlərin görülməsi, eləcə də qaldırılmış konkret məsələlərin həlli məqsədilə əlavə olaraq 232,5 milyon manat vəsaitin ayrılması barədə 64 sərəncam imzalayıb. Nazir qeyd edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artıb, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 “faiz bəndi” üstələyib: "İl ərzində 93 mini daimi olmaqla 117 min yeni iş yeri və 5,4 min müəssisə açılıb. Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlamış və 360 minə yaxın yeni iş yeri yaradılıb ki, bunun 270 mindən çoxu daimidir. Yoxsulluğun səviyyəsi 6 faizə, işsizlik 5,2 faizə enib.

Proqramda nəzərdə tutulmuş işlər üçün ötən il ümumilikdə əsas kapitala 5 milyard manat, o cümlədən Dövlət investisiya proqramı çərçivəsində 4,1 milyard manat vəsait yönəldilmişdir ki, bu da ümumi məbləğin 72 faizini təşkil edir. 2009-2012-ci illər ərzində regionların inkişafına ümumilikdə 14,5 milyard manat dövlət investisiyaları yönəldilib. Bu il isə əsaslı vəsait qoyuluşlarının 77 faizi və ya 5,3 milyard manat regionlar üçün ayrılıb".

Şahin Mustafayev qeyd edib ki, əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə ötən il regionlarda 2 su elektrik stansiyası istifadəyə verilib, 935 transformator və 29 yarımstansiya tikilib və ya əsaslı təmir olunub.

Nazir bildirib ki,  elektrikötürücü xətlərin çəkilişi və yenilənməsi prioritet kimi müəyyən edilib, regionlarda 3570 kilometr elektrikötürücü xətləri çəkilib və ya əsaslı təmir olunub:

“Yaşayış məntəqələrinin qazlaşdırılması işləri ötən ildə də davam etdirilib, regionlarda 6200 kilometrə yaxın qaz kəməri çəkilərək, 34 rayonun 174 kəndi və 10 qəsəbəsi təbii qazla təmin olunub”.

 

İqtisadi inkişaf naziri bildirib ki, əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı 61 şəhər və rayon mərkəzlərində işlər davam etdirilib, regionlarda 1200 kilometr su, 543 kilometr kanalizasiya xətti çəkilmiş və ya təmir olunub, 25 su anbarı tikilib: “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması məqsədilə 45 minə yaxın əhalisi olan 33 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular istifadəyə verilib. Bununla da, hazırda bu qurğuların istismara verildiyi 20 rayonun 221 kəndində 400 mindən çox sakin keyfiyyətli içməli su ilə təmin olunur”.

 

“Aran iqtisadi rayonunun su təchizatının yaxşılaşdırılması məqsədilə Şirvan-Muğan qrup su kəmərinin təməli qoyulub ki, bu da Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin 121 kəndin ümumilikdə 470 min nəfər əhalisini keyfiyyətli və fasiləsiz içməli su ilə təmin edəcək”, deyə nazir qeyd edib.

 

Nazir bildirib ki,  proqram çərçivəsində il ərzində 537 kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilib və ya təmir olunub, 25 yeni körpü və tunel inşa edilib, 11 rayonun 141 min nəfər əhalisi olan 85 yaşayış məntəqəsində rayondaxili və kəndlərarası avtomobil yollarında yenidənqurma işləri aparılıb.

 

“Dövlət başçısının kənd yolları üzrə müvafiq sərəncamlarına əsasən ötən il 18 layihə üzrə işlərə başlanılıb və cari ildə bu çərçivədə 634 kilometr kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaq ki, bu da 18 rayonun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bundan əlavə, dövlət başçısının tapşırığına əsasən cari ildə 600 kilometrədək kənd yollarının inşası ilə bağlı yeni layihələrin icrasına başlanacaq”, deyə nazir bildirib.

 

Şahin Mustafayev qeyd edib ki, informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə regionlarda 41 ATS, 56 poçt şöbəsi istifadəyə verilib, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb və hazırda əhalinin 70 faizi internet istifadəçisidir.

 

Şahin Mustafayev bir neçə gün öncə ölkəmizin ilk peyki orbitə çıxarıldığını xatırladıb: “Bu tarixi nailiyyət, nəinki İKT sahəsinin, eləcə də ümumilikdə iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfədir. Prezident tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması, sözsüz ki, aparılan işlərin daha da genişlənməsinə və sahənin inkişafının sürətlənməsinə təkan verəcək”.

 

Onun sözlərinə görə, əhalinin gündəlik həyatında vacib rol oynayan sosial obyektlərin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilib. Regionlarda il ərzində 205 məktəb, 45 bağça, 40 səhiyyə, 23 idman və 48 mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir olunub.

 

“Məcburi köçkünlərin, əlil və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə 2012-ci ildə Sumqayıt, Gəncə və Şəki şəhərlərində, Şəmkir rayonunda, Zabrat və Hövsan qəsəbələrində yeni yaşayış binaları, Goranboy rayonunda 525, Şəkidə 423, Müşfiqabad qəsəbəsində isə 1440 ailə üçün salınmış məhəllələr istifadəyə verilib”, - deyə nazir qeyd edib. O qeyd edib ki, ASAN xidmətin fəaliyyətə başlaması vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini artıracaq və əhalinin gündəlik həyatını rahatlaşdıracaq.

 

İqtisadi inkişaf naziri Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında  mühüm rolunu qeyd edib. Onun sözlərinə görə, Fond tərəfindən həyata keçirilən layihələr insanların sosial durumunun yaxşılaşmasında xüsusi önəm kəsb edir.

 

“Sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan verib, maşınqayırma, alüminium, sement zavodları, konserv, süd və ət emalı, çörək istehsalı müəssisələri, quşçuluq fabrikləri və digər sənaye müəssisələri istismara verilib, hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin tikintisi davam edir.

Balaxanı Sənaye, Sumqayıt Kimya-Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parklarının yaradılması xarici və yerli investorların cəlb olunmasına, müasir texnologiyalardan istifadə etməklə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına və yeni iş yerlərinin açılmasına, ümumilikdə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək”, deyə nazir Şahin Mustafayev qeyd edib.

 

Nazir Şahin Mustafayev bildirib ki, intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönəlmiş siyasət çərçivəsində həyata keçirilən dövlət dəstəyi tədbirləri, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün soyuducu anbar infrastrukturunın inşası öz nəticəsini verib, kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan asılılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olub: “Ötən il quş əti istehsalı 24,7 faiz, yumurta istehsalı 21,3 faiz, ət istehsalı 8,3 faiz, süd istehsalı 6 faiz artıb, özünütəminetmə səviyyəsi xeyli yaxşılaşıb, yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılıb”.

 

Şahin Mustafayev bildirib ki, hesabat dövründə yüksək məhsuldarlığa malik olacaq iri pilot taxılçılıq təsərrüfatı yaradılıb: “Ölkəmizin üzümçülük sahəsindəki əvvəlki şöhrətinin qaytarılması ilə bağlı müəyyən etdiyiniz vəzifənin icrası istiqamətində işlər davam etdirilib. Ötən il üzüm istehsalı 10,2 faiz artmış, 36 investisiya layihəsi güzəştli kreditlər hesabına maliyyələşdirilib.

İl ərzində kənd təsərrüfatı torpaqlarında 162 min poqonmetrə qədər kollektor-drenaj şəbəkələri, 209 min poqonmetrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulub. Bununla yanaşı, Şəmkir dəryaçası, Yuxarı Mil kanalı, Taxtakörpü su anbarının tikintisi, Samur-Abşeron kanalının yenidən qurulması davam etdirilib”.

 

Nazir qeyd edib ki, ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 9100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Verilmiş kreditlərin 83 faizi regionların payına düşüb.

“Ötən il ərzində Fond tərəfindən maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 taxılçılıq, 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələridir.

Hazırda güzəştli kreditlər hesabına 13 quşçuluq fabrikinin, 3 heyvandarlıq kompleksinin, 12 soyuducu və taxıl anbarının, 8 istixana kompleksinin, 3 ət emalı, 2 konserv, 7 çörək zavodlarının tikintisi aparılır”, deyə nazir qeyd edib.

 

“Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il Hövsanda süd emalı zavodu, “Ağstafa Aqroservis” müəssisəsi və yeni sement zavodu fəaliyyətə başlayıb.

“Aqrolizinq” xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilib, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilib. İl ərzində on rayonda aqroservis filialları tikilib, ölkəyə 1785 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və avadanlıq gətirilib. Damazlıq heyvanların alınmasına 10 milyon manatın ayrılması bu sahənin inkişafına əlavə təkan verəcək”, deyə Şahin Mustafayev bildirib.

 

İqtisadi inkişaf naziri qeyd edib ki, dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən müəssisələr yaradılıb, bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunaraq, qeyri-neft ixracını artırıb: “Bütövlükdə, 2012-ci ildə regionlarda 44500 və ya 2011-ci ildəkindən 17 faiz çox vergiödəyicisi qeydiyyatdan keçib, regionlar üzrə vergi daxilolmaları 4,8 faiz artıb, 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilib.

Qusarda Şahdağ turizm kompleksinin tikintisinin birinci mərhələsi tamamlanıb, bir sıra rayonlarda yeni otellər və istirahət kompleksləri istifadəyə verilib. Turizmin inkişafı istiqamətində görülən işlər regionlarımızı cəlbedici turizm məkanına çevirməklə bərabər, burada mötəbər tədbirlərin keçirilməsinə əlverişli şərait yaradır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR