Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisi seçilmiş bələdiyyələrin səlahiyyət müddətinin bitməsi vaxtını müəyyənləşdirəcək. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Seçki Məcəlləsinə dəyişiklik ediləcək.
Layihəyə əsasən məcəlləyə əlavə ediləcək yeni 211.5 maddəsində deyilir ki, “Məcəllənin 211.4 maddəsinin tələbləri nəzərə alınmaqla keçirilən seçkilərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır”.
Məcəllənin 243-cü maddəsinə edilən dəyişiklikdə isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi üçün şərtlər açıqlanıb. Dəyişiklikdə göstərilir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunla bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrar seçkilər keçirilir.
Dəyişikliklər Milli Məclisin 30 aprel iclasında müzakirəyə çıxarılacaq.