Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupu son üç ayda aparılmış monitorinqin nəticələrini açıqlayıb
Bakı. Mübariz Aslanov-APA. Bu gün Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı mətbuat konfransı keçiriblər. APA-nın məlumatına görə, konfransda son üç ayda aparılmış monitorinqin nəticələri açıqlanıb.
S. Qocamanlı bildirib ki, Kristof Ştrasser 2009-cu ildə AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi təyin edildikdən bir il sonra seçkiləri müşahidə edən missiyanın tərkibində Azərbaycana səfər edib: “O həmin səfərdə ona məktub yazan ailələrlə, vəkillərlə görüşə bilərdi, amma onun belə bir istəyi olmadı. Heç AŞPA-nın plenar sessiyasında da Azərbaycana gəlmək barədə məsələ qaldırmadı. Buna görə də onun Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatını təəccüblə qarşıladıq. Siyahıda olan 85 nəfərin 18-i iyunda, 14 nəfəri isə dekabrda azadlığa buraxılmışdı. Yəni azadlıqda olan 32 nəfərin, bundan başqa Avropa Şurasının siyasi məhbus hesab etmədiyi şəxsin adı siyahıya daxil edilmişdi. Biz dəfələrlə onun assistenti ilə görüşüb, bu məsələlərlə bağlı mövqeyimizi bildirirdik, amma o bizi dinləmək istəmədi”.
S. Qocamanlı bildirib ki, K. Ştrasser yalnız AŞPA-nın qış sessiyasında iclasa 2 saat qalmış bəzi şəxslərin adını siyahıdan çıxardıb: “Nəticədə isə deputatlara iki siyahı paylanmışdı. Onlar çaş-baş qalmışdılar, bilmirdilər hansını analiz etsinlər. Siyahıya “Sadval” terror təşkilatının və islamçıların da adı daxil edilmişdi. Avropalı deputatlarda da islama qarşı qorxu var deyə, onlar dərhal ona etiraz elədilər ki, niyə onların adı siyahıya salınıb. Onlar eyni zamanda “Sadval”a görə Ştrasserə etiraz etdilər ki, niyə insan qətl edən şəxslərin adları siyasi məhbus siyahısına daxil edib”. Hüquq müdafiəçiləri Ştrasserin hesabatının qəbul olunmamasına səbəbini məhz bu amillərlə əsaslandırıb.
Hüquq müdafiəçiləri AŞPA-nın Azərbaycan üzrə digər həmməruzəçiləri Pedro Aqramunt və Jozef Debono Qrexin hesabatının kifayət qədər obyektiv olduğunu deyiblər. Hüquq müdafiəçiləri onların ünvanına səsləndirilən bəzi iradlara da münasibət bildirib: “Bizim günahımız obyektiv işləməkdir? Yaxud iyunda azadlığa çıxmış insanların adlarının yenidən siyahıya salınmasına irad bildirməyimizdir? Faktı sübut etmək lazımdır. Bizi “Avroviziya” mahnı müsabiqəsini boykot etməməkdə günahlandırırlar. Bu mədəni bir proqram idi və biz bu cür tədbirlərə qarşı çıxmağın əleyhinəyik. Müxtəlif ölkələrdən insanlar gəlib Azərbaycanı gördülər, ölkəmizi tanıdılar. Niyə belə imkan yaradan tədbirləri boykot etməliyik?”
Novella Cəfəroğlu isə deyib ki, son 20 gündə ABŞ, Böyük Britaniya, Norveç və Fransanın səfirləri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüblər. Görüşdə aksiyalarla bağlı cərimələrin artırılması, İsmayıllı hadisələri, əsgər ölümləri, nazirlərin, məmurların həddindən artıq vəzifədə qalmaları və məmur özbaşınalıqları müzakirə olunub: “Diplomatlar da problemlərin dialoq yolu ilə həllinə üstünlük verirlər. Onlar bizə dedilər ki, dialoq yolu ən düzgün yoldur. Səfirliklərə gedib barəmizdə mənfi rəy yaratmaq onlara xoş getmir. Bizim işimiz göz önündədir, insanların taleyi ilə alver etmək olmaz”.