Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu verib. Partiya sədri bildirib ki, cümhuriyyətdən danışarkən, yalnız Məhəmməd Əmin Rəsulzadəni düşünürüksə, bu yanlış yanaşmadır: “Çünki cümhuriyyətçiliyin əsas simvolu institutlardır, adamlar deyil. Bu şahlıq rejimi deyil ki”.
S. Cəlaloğlu deyib ki, respublikanın ilk elementi parlamentarizm olduğuna görə, dünyanın istənilən ölkəsində cümhuriyyətçiliklə bağlı tədbirlər ilk parlamentin binasında və ya bununla bağlı qoyulan ümumi abidə qarşısında keçirilir: “Biz də bu dövlətçilik ənənələrini inkişaf etdirməliyik. Əgər söhbət cümhuriyyətin xatırlanmasından gedirsə, bunun üçün yeganə yer Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyət göstərdiyi binadır. Bu parlament ki, orada Azərbaycan dövlətinin taleyi həll olunub”.
ADP sədri bildirib ki, AXC-nin 2 illik fəaliyyəti zamanı dövləti qurmaq və qoruyub saxlamaq üçün minlərlə insan həyatını qurban verib: “Bu soydaşlarımızın hamısı birlikdə yad edilməlidir. Əlbəttə, hazırda AXC qurucularının şərəfinə qoyulan abidə adına layiq olmasa da, cümhuriyyət orada – ilk parlamentin binası qarşısında yad edilməlidir”.