Bakı. İlkin Nəcəfzadə-APA TV. "Azərbaycanda hansısa partiyanın xarici dövlətə işləməsi cinayətdir və belə bir cinayəti bilib xəbər verməmək özü də cinayətdir". Bu fikirləri APA TV-yə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Müsavat Partiyasının başqanı İsa Qəmbərin "Azərbaycanda olan partiyaların bir qismi hakimiyyətin, bir qismi Rusiyanın, digər qismi də İranın nəzarətindədir" fikrinə münasibət bildirən S. Cəlaloğlunun fikrincə, İsa Qəmbər bu tip ittihamları əlavə divident qazanmaq məqsədilə səsləndirib.
ADP sədri deyib ki, İ. Qəmbərin bu barədə xəbər verməməyinin iki səbəbi ola bilər: "Birinci, bu uydurma ola bilər. Bu artıq o deməkdir ki, bir müxalifət partiyası digərinə qarşı piar aparıb, iqtidarın mövqeyindən çıxış edir. Digər ehtimal isə bu fikrin şantaj məqsədi ilə işlədilməsidir".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə isə müxalifətin birləşməsinin qarşısını yalnız şəxsi ambisiyaların aldığını deyib: "Eyni zamanda müxalifətin birləşməməsinin əsas səbəbi özündən razılıq, öz gücünün düzgün hesablamamaqdır".
Partiya sədri bildirib ki, müxalifət seçkilərə vahid formatda getməsə, AMİP də seçkilərə öz namizədi ilə qatılmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər gənclərlə keçirdiyi görüşdə müxalifətin birlik məsələsinə münasibət bildirərkən Azərbaycandakı partiyaların bir qisminin hakimiyyətin, bir qisminin Rusiyanın, digər qisminin də İranın nəzarətində olduğunu deyib: "Əllərindən başqa iş gəlmir, tez-tez birlik çağırışı edirlər. Bir sıra partiya liderlərinin müsahibələrinə baxın. 10 açıqlama, bəyanatdan 8-i Müsavata qarşı hücumdur".
İ. Qəmbər qeyd edib ki, 2003-cü il prezident seçkiləri ərəfəsində vahid namizəd ideyası ilə bağlı təkliflə çıxış etsə də, razılıq əldə olunmayıb və yenidən bu istiqamətdə çalışmaq fikri yoxdur: “Mən heç yerdə özümü vahid namizəd elan etməmişəm. Partiya məni namizəd elan edib, namizədəm və vahid namizədlik iddiam da yoxdur. Kim istəyirsə, xeyrini görsün".