Bakı. Ramil Məmmədli-APA. Azərbaycanın bir qrup siyasi partiya lideri və funksioneri prezident İlham Əliyevin “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışına münasibət bildiriblər.
Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini Mübariz Qurbanlı APA-ya deyib ki, prezidentin çıxışında əsasən üç istiqamət əksini tapıb: “Birincisi, regionların sosial-iqtisadi inkişafı və bu istiqamətdə ölkə iqtisadiyyatının potensialının güclənməsi. İkincisi, Azərbaycanın sosial-iqtisadi inkişafı fonunda, onun beynəlxalq aləmdə nüfuzunun, yerinin, gücünün artması, respublikanın iqtisadi baxımdan cəlbedici olması, beynəlxalq maliyyə qurumlarında Azərbaycanla bağlı reytinqlərin günbəgün yüksəlməsi. Üçüncü istiqamət isə ölkədə demokratik cəmiyyət quruculuğu prosesində məmur məsuliyyəti, məmur-vətəndaş münasibəti və məmurun üzərinə düşən öhdəliyə əməl etməsi olub”.
M. Qurbanlı bildirib ki, prezidentin bu çıxışı cəmiyyətdə birmənalı olaraq dəstək qazanıb və hamı bunu müdafiə edir: “Eyni zamanda prezidentin çıxışı təvazökar olmayan, saymazlıq edən, bəzi hallarda isə səlahiyyət həddini aşan məmurlar üçün ciddi xəbərdarlıq olub. Bu çıxış həm sosial-iqtisadi inkişafımızın istiqamətlərini müəyyənləşdirəcək, həm də dövlət idarəçiliyindəki məsələlərlə bağlı məntiqli və istiqamətverici olacaq”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev prezidentin çıxışının diqqəti məmurlarla bağlı məsələyə yönəltdiyini deyib. O bildirib ki, prezidentin də qeyd etdiyi kimi məmurların söylənilənlərdən ciddi nəticə çıxarmasına ehtiyac var: “Eyni zamanda ədalət naminə qeyd etmək lazımdır ki, Azərbaycanda həm də elə nazir, məmur övladları var ki, onlar ölkə üçün böyük işlər görür, ölkəni xaricdə uğurla təmsil edirlər, təvazökarlıqları, şəxsi keyfiyyətləri ilə Azərbaycan gəncliyinə nümunə ola bilirlər. Amma təəssüf ki, prezidentin də söylədiyi kimi bəzi qudurğan, valideynlərinin başını aşağı edən, ailələrinə hörmət gətirməyən, məmur övladları da var ki, bunların da haqqında prezidentin məlumatının olması müsbət haldır”.
Q. Həsənquliyev qeyd edib ki, geniş səlahiyyətlərə malik yerli icra strukturlarının başçılarının və bəzi mərkəzi icra qurumlarının rəhbərlərinin övladları bir çox hallarda yerli əhali ilə münasibətlərdə düzgün olmayan hərəkətlərə yol verirlər: “Prezidentin dünənki müşavirədəki çıxışı vaxtında edilib və deyərdim ki, hətta buna ehtiyac var idi. Müsbət haldır ki, prezident real vəziyyətin necə və nədən ibarət olmasından xəbərdardır. O, bu vəziyyətin dözülməz olmasını bildiyindən, artıq açıq şəkildə fikirlərini səsləndirib”.
Q. Həsənquliyev bu çıxışın ciddi nəticələrə səbəb olacağını gözlədiyini də söyləyib: “Hesab edirəm ki, bunun ardınca müəyyən islahatların da aparılmasına ehtiyac var. Yerli icra strukturlarının birbaşa olaraq və tam şəkildə icra hakimiyyətinə tabe etdirilməsi öz neqativ və mənfi təsirini göstərir. Bu baxımdan bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir. İcra hakimiyyətləri yalnız mərkəzin təmsilçisi kimi fəaliyyət göstərməlidirlər. Düşünürəm ki, prezidentin son çıxışından sonra bu sahədəki vəziyyət dəyişəcək. Çünki insanlar ümidlə prezidentin bu tapşırığının necə icra olunacağını gözləyəcəklər. Hesab edirəm ki, qanunun aliliyinin təmini üçün ölkədə real hakimiyyət bölgüsü təmin edilməli, məhkəmə hakimiyyətinin müstəqilliyinə nail olunmalıdır. Qanunverici orqanın fəaliyyəti genişləndirilməlidir. Bu tipli islahatların nəticəsi olaraq, həmin problemlərin köklü formada həllinə nail ola bilərik”.
Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa bildirib ki, prezidentin çıxışı əslində ağrılı problemə yanaşma olub: “Bu yanaşma bütün Azərbaycan vətəndaşları tərəfindən müsbət dəyərləndirilib. Çünki əslində bu məsələdə hüququn işləməməsi və qanunların icra olunması ilə bağlı problem diqqətə çatdırılıb. Burada xüsusi ilə də sahibkarlığın vəziyyəti ilə bağlı həssas mövzuya toxunuldu”.
F. Mustafa bu mövzunun dəfələrlə parlamentdə də qaldırıldığını söyləyib: “Prezidentin bu mövqeyi bizim tərəfimizdən də müsbət qarşılandı. Ümid edirəm ki, müəyyən dəyişikliklər olacaq və bunun ardınca neqativ hərəkəti olan məmurların cəzalandırılması baş verəcək. Güman ki, yaxın günlərdə əməli addımlar da özünü göstərəcək. Bunun ardınca konkret addımlar atılması islahatlara başlanmasına işarə olacaq. Bu da insanların dövlətə inamını artıra biləcək”.
Ümid Partiyasının sədri İqbal Ağazadə APA-ya açıqlamasında neqativ hallarla bağlı informasiyaların prezidentə çatmasından sonra dövlət başçısının dərhal reaksiya verməsini müsbət hal kimi dəyərləndirib. Onun sözlərinə görə, nəticə olacağı, belə neqativ hallara qarşı sistemli mübarizə aparılacağı təqdirdə irəliləyişə nail olmaq olar: “Cəmiyyətin böyük hissəsi bu problemlərin həllini gözləyir və istəyir. Prezident deyəcəksə, sonradan yenə həmin səviyyədə işlər davam edəcəksə, vətəndaşın ümidləri doğrulmayacaq. Arzu edərdik ki, bu problemlər elə həll olunsun ki, heç kim ümidsizliyə düçar olmasın. Hadisələrin prezidentə çatması və onun da bunu səsləndirməsi, bizim dediklərimizdə haqlı olmağımızın göstəricisidir”.
Müsavat başqanı İsa Qəmbər isə davamlı telefon zənglərinə cavab vermədiyindən onun məsələyə mövqeyini öyrənmək mümkün olmayıb.