Bakı-İlkin Nəcəfzadə-APA TV. “Seçki Məcəlləsində ciddi dəyişikliyə ehtiyac var”. Bunu APA TV-yə müsahibəsində Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Partiya sədri bildirib ki, Seçki Məcəlləsinin müddəaları müxalifətin, ümumiyyətlə, seçkidə iştirak etmək istəyən əksər siyasi qüvvələrin maraqlarına cavab vermir: “ Hakimiyyət seçki ili olduğunu qəbul edib və dinamikliyin artırılması istiqamətində kifayət qədər açıq, şəffaf siyasət aparmalıdır. Bu olacaqsa, hesab edirəm ki, seçicinin seçim etmək imkanı geniş olacaq”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa da Azərbaycanda seçkiöncəsi vəziyyətin qənaətbəxş olmadığı fikrindədir. Partiya sədri qeyd edib ki, cəmiyyətdə seçki ilə bağlı canlanma hiss olunmur: “Bütün hallarda cəmiyyətinin özünün əhval-ruhiyyəsində bir dəyişiklik, bir istək, seçki prosesinə bir ümid gözləyirik. Təəssüf ki, bu, bizim gözlədiyimiz səviyyədə deyil. Amma bütün hallarda kampaniya başlayanda görünür, bu istilik, hərarət daha artıq olacaq”.
"Yeni Azərbaycan Partiyası seçkilərlə bağlı hazırlıq işlərinə start verib". Bunu isə YAP-ın Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib. O qeyd edib ki, əsas məqsəd seçkilərlə bağlı konkret hədəflərin, proqramların hazırlanmasıdır: “Hakim partiyanın gündəlik fəaliyyətin demək olar ki, əsasını elə ötən seçkilərin təhlili gələcək seçkilərə hazırlıq tutur. Yeni Azərbaycan Partiyası seçkilərə məsuliyyətlə, həvəslə yanaşır və mən inanıram ki, ötən illərdə olduğu kimi, bu il də Yeni Azərbaycan Partiyasını namizədi qalib gələcək”.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri bu il oktyabrın 16-da keçiriləcək.