Bakı. Mübariz Aslanov – APA. “Azərbaycanda prezident seçkiləri elan olunan kimi artıq yeni yaranan Milli Şuradakıların parçalanması prosesi gündəmə gələcək”. APA-nın məlumatına görə, bu fikirləri hakim yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, Milli Şurada təmsil olunanların birliyi seçkiyə qədər başa çatacaq. S. Novruzov Milli Şura Mərkəzi Aparatının rəhbəri Eldar Namazovun Moskva səfərinə də toxunub: “Burada qeyri-adi bir şey gözləməyə ehtiyac yoxdur. O Moskvada Rüstəm İbrahimbəyov ilə görüşüb, oturub söhbət edib və qayıdıb gəlib. Rusiyada hər hansı bir ciddi dairə onların fəaliyyətini dəstəkləmir”.
YAP rəsmisi deyib ki, istər Rusiya hökuməti, istər Rusiyanın ayrı-ayrı strukturları bu gün Azərbaycan ilə ciddi şəkildə əməkdaşlıq edirlər: “Yəni ola bilər ki, bunlar Rusiyada kimlərləsə görüşüb maliyyə dəstəyi axtarmaq üçün addım atıblar. O adamlar da perspektivi olan işə pul qoyurlar. Baxanda görürlər ki, bunların heç bir perspektivi yoxdur və bu baxımdan da bunların istər ora getməsi, istər başqa yerə getməsinin heç bir əhəmiyyəti yoxdur. İndi deyirlər guya ABŞ-a gedəcəklər. Bəli, bir-iki səfər olacaq, gedib gəzib gələcəklər, amma ortada heç bir nəticə olmayacaq”.