Bakı. Etibar Məmmədov - APA. “Bizim aksiyalar keçirmək planımız var”. APA-nın məlumatına görə, bunu Açıq Cəmiyyət Partiyasının (ACP) Sülhəddin Əkbər deyib.
Artıq yaz aylarından başlayaraq kütləvi tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan partiya sədrinin sözlərinə görə, bunun üçün müxalifətin geniş koalisiyasına nail olmaq lazımdır: “Bizim aksiyalar keçirmək planımız var. Bu baxımdan kütləvi tədbirlərin vacibliyi ilə bağlı müzakirələr aparırıq. Məncə, yazdan artıq Azərbaycan müxalifəti birgə tədbirlərə başlamalıdır. Mən istəmirəm ki, payızda buraxılan səhvlər təkrar olunsun”.
S.Əkbər bildirib ki, müxalifət kütləvi xalq hərəkatından öncə siyasi baza formalaşdırmalıdır: “İlk öncə Azərbaycanda demokratik dəyişikliyi istəyənlər qüvvələr birləşərək müxalifətin geniş koalisiyasını yaratmalı, birləşmiş müxalifət yazdan başlayaraq kütləvi tədbirlərə başlamalıdır. Biz ilk mərhələdə kütləvi siyasi hərəkata, daha sonra isə xalq dəstəyini qazanaraq kütləvi xalq hərəkatına nail olmalıyıq. Bu vəzifənin öhdəsindən gələ bilsək, biz ölkədə vəziyyəti dəyişə biləcəyik. Bunu edə bilməsək, heç kimə sirr deyil ki, nəticə etibarilə Azərbaycan müxalifət liderlərinin böyük əksəriyyəti siyasi arxivə getməli olacaqlar”.