Bank Of Baku

Tofiq Yaqublu: “Seçkilərlə bağlı aparılan rəy sorğuları tərəfdarların düşündükləri oyunlardır”

Tofiq Yaqublu: “Seçkilərlə bağlı aparılan rəy sorğuları tərəfdarların düşündükləri oyunlardır”
# 21 yanvar 2013 12:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Sosial şəbəkələrdə keçirilən sorğularda hətta İsa Qəmbər qalib gəlsə belə, buna inanmaram”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib.

 

Sosial şəbəkələrdə prezident seçkiləri ilə bağlı aparılan rəy sorğularına münasibət bildirən T.Yaqublunun sözlərinə görə, bu sorğular şəffaf şəkildə aparıla bilməz. Başqan müavini bildirib ki, bu tipli sorğuların təşkilatçısı hansısa liderin tərəfdarlarıdır və onlar sorğunun nəticəsini istədiyi kimi yönləndirə bilərlər: “Zaman-zaman müxtəlif qəzetlər, saytlar rəy sorğusu keçirib. Mən onların heç birinə etibar etmirəm. Hətta orada nəticəyə görə İsa Qəmbər birinci yerə çıxmış olsa belə, buna inanmıram. Çünki mən onları etibarlı saymıram. Hərçənd bilirəm ki, İsa Qəmbər liderdir, seçkilərdə qalib gəlir və seçicilərin əksəriyyəti ona səs verəcək. Azərbaycanda ədalətli rəy sorğusu keçirmək mümkün deyil. Təbii ki, bu rəy sorğularını təşkil edənlər hansısa partiyaya, şəxsə simpatiyası varsa, o öz liderinin birinci yerdə olmasını təşkil edəcək.  Ona görə bu sorğuların vahid namizədin müəyyənləşməsinə ciddi səbəb və təsiri ola bilməz. Bunlar hamısı epizodik hallardır və tərəfdarların düşündükləri oyunlardır. Azərbaycanda ən ciddi nəticə seçkilərin real nəticələridir. Bizim liderimiz də həmişə kifayət qədər səs qazanıb”.

 

Sosial şəbəkələrdə sorğuların nəticələri ilə bağlı təbliğatlara gəldikdə, T. Yaqublu qeyd edib ki, bu kimi hallar sadəcə həmin namizədin məşhurlaşmasına və seçicilərdə maraq oyatmasına xidmət edir.

 

AXCP sədrinin müavini Gözəl Bayramlı isə APA-ya açıqlamasında ictimai rəyin öyrənilməsi baxımımdan bu tipli sorğuların əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, aparılan sorğular cəmiyyətdə demokratiya istəyinin olduğunu ifadə edir: “Bu baxımdan bu sorğunu normal hesab edirəm. Həmçinin bunun müxalifət daxilində hər hansı gərginliyin yaradacağına inanmıram. Çünki həm iqtidar, həm də müxalifət xalqın səsinə hörmətlə yanaşmalıdır”.

 

Sorğuların şəffaflığına inandığını deyən G.Bayramlı onu da bildirib ki, əgər hər hansı təşkilat və ya qurum bu şəffaflığa xələl gətirən addım atırsa, bunun qarşısı alınmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR