Bakı. Etibar Məmmədov-APA. Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Binəqədi rayon təşkilatının Məclisinin və Nəzarət-Təftiş Komissiyasının növbədənkənar toplantısı keçirilib.
Partiyanın mətbuat və informasiya xidmətindən APA-ya verilən məlumata görə, VHP mərkəzi qərargahında baş tutan toplantıda Məclis üzvü Bəhmən Yunus oğlu Sultanlının uzun müddətdir qeyri-etik hərəkətlərə yol verdiyi və VHP-ni nüfuzdan salmaq üçün göstərdiyi cəhdlər, partiyanın ayrı-ayrı funksionerləri haqqında şər və böhtan kampaniyası aparması müzakirə olunub.
Məclis üzvləri 2006-cı ildən bu vaxta qədər keçən dövrdə Bəhmən Sultanlının dövlətin ayrı-ayrı orqanlarına VHP üzvləri haqqında donoslar yazdığını, dəfələrlə xəbərdarlıq və töhmətlərə, həmçinin partiyanın onun yaşını nəzərə alaraq, sərt tədbirlərə əl atmamasına baxmayaraq, əməllərindən əl çəkmədiyini diqqətə çatdırıb və onun qeyri-etik hərəkətlərindən sonra artıq partiya sıralarında qalmasının mümkünsüzlüyünü bildiriblər.
Məclis üzvləri təklif edib ki, Bəhmən Sultanlının partiyadan "azad edilməsi" yox, məhz "partiya sıralarından qovulması" gündəmdədir. Ümumi rəyə əsasən B. Sultanlının VHP sıralarından qovulması səsə qoyulub.
Binəqədi rayon təşkilatı Məclisinin 11 üzvündən 10 nəfərinin və NTK üzvlərinin iştirakı ilə keçirilən toplantıda B. Sultanlının partiyadan qovulması təklifi səsə qoyulub və yekdilliklə qəbul edilib.
Xatırladaq ki, B. Sultanlının partiya daxilində qeyri-etik hərəkətlərə yol verməsi və rəhbərlik haqqında böhtan və şər dolu məlumatlar yayması səbəbilə VHP sədri Sabir Rüstəmxanlı yanvarın 7-də onu sədrin müşaviri vəzifəsindən azad edib.