Bunu APA-ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
O, VHP Ali Məclisinin keçmiş üzvü Bəhmən Sultanlının müxtəlif orqanlara ünvanladığı məktubların, ittihamların sifarişlə yazıldığını deyib: “Mənim işlərim olanda partiyanı o adamlar idarə edirdilər. Partiya heç kimin şəxsi təsərrüfatı deyil, əksinə, bu, VHP-nin üstünlüyünü göstərən cəhətdir. Səsləndirilən ittihamların heç birinin həqiqətə uyğunluğu yoxdur və sifarişlə yazılmış yazılardır. Bəhmən bir təqaüdçü kimi partiyaya gəlib-gedirdi. Partiyada baş verənlərdən onun xəbəri yox idi. Mənim bu ittihamlara cavab verməyimə ehtiyac yoxdur”.
VHP-nin MSK-dakı təmsilçisi Almaz Qəhrəmanlı isə APA-ya açıqlamasında deyib ki, B.Sultanlının onunla bağlı səsləndirdiyi ittihamlar əsassız və qəbulolunmazdır: “Bu insan partiyanın inkişafının, demokratiyanın əleyhinə olan biridir. Mən bu adamı qəbul etmirəm. Partiyada fəaliyyət göstərmədiyim üçün onun işlərinə də müdaxilə etmirəm. MSK-da təmsil olunmaq və eyni zamanda partiyada fəaliyyət göstərmək qanunla qadağandır. Partiyanı isə partiyanın sədri Sabir Rüstəmxanlı idarə edir. Mən 1996-cı ildə partiyaya gəlmişəm və görmüşəm ki, Bəhmən Sultanlı sədrin müavini kimi partiyanın inkişafına deyil, partiyanın parçalanmasına xidmət edir. O özü hara xidmət edirsə, çox gözəl bilir. Partiyanın içində müxalif fikirli insanların hamısı ilə bağlı müxtəlif orqanlara donos ötürür və həmin adamlara müxtəlif orqanlar vasitəsilə təzyiq göstərməyə nail olur. Mən partiyaya gələndən sonra o, istefa verib gedib. Daha sonra isə mən MSK-ya gedəndən sonra qayıdıb. Hansı məqsədləri yerinə yetiribsə, mən bu məsələlərə aydınlıq gətirmək istəmirəm. Mənim barəmdə olan ittihamlar isə yersizdir”.
VHP Ali Məclisinin sədri Rafiq Manaflı APA-ya bildirib ki, B.Sultanlının fikirlərinə əhəmiyyət vermir: “Çünki o, fəaliyyətini dövlət qurumlarına bəzi adamlarla bağlı şikayət ərizələri yazmaqla keçirib”. Şikayətlərin nədən ibarət olduğu haqqında məlumatsız olduğunu deyən Məclis sədri bunları absurd adlandırıb: “Sözün düzü, nə yazdığını bilmirəm, amma məndən yazmayıb. Düşünürəm ki, onun ittihamları əsassızdır və mən ona əhəmiyyət vermək istəmirəm. Partiya üzvlərinin sayının şişirdilmiş olduğuna gəldikdə isə, qəbul ərizələri hələ təftiş olunaraq yazda aydınlaşacaq. Dəqiq rəqəm demək çətindir, çünki gələnlər və partiyadan çıxanlar olur”.
Partiyanın Təşkilat şöbəsinin müdiri Samir Əsədli APA-ya açıqlamasında bütün ittihamları B.Sultanlının saxtakarlıqlarının nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, B.Sultanlı cənub bölgəsindən olan insanların partiya üzvü olmasına qarşı çıxıb: “Kimsə milliyyətcə talış, amma Azərbaycan vətəndaşıdırsa və o adam VHP-yə üzv olursa, biz ona milliyyətinə görə qadağa qoya bilmərik. Bu, partiyanın nizamnaməsinə də ziddir. Çünki nizamnamədə göstərilir ki, milliyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşları partiyaya üzv ola bilər. Eyni zamanda partiyanın Siyasi Şurasının iclasının keçirilməməsi və mənim İctimai Palatadakı fəaliyyətimlə bağlı dediyi fikirlər həqiqətə uyğun deyil. Mən könüllü olaraq İctimai Palataya qoşulmuşam. VHP demokratik partiyadır və heç kimə fikirlərinə görə təsir etmir. VHP-nin hansı rayon təşkilatı İctimai Palataya qoşulubsa, həmin rayonda iclaslar olursa, VHP-çilər orada fəal iştirak edirlər. Mən partiyanın heç bir rayon təşkilatına zəng edib deməmişəm ki, siz İctimai Palatanın tədbirlərinə qoşulmayın. Onun sübutu varsa, göstərsin”.
Partiyanın mətbuat katibi Anar Niftəliyev APA-ya VHP sədri S.Rüstəmxanlının fikirlərinə şərik olduğunu, yəni B.Sultanlının açıqlamalarının sifarişli ola biləcəyini deyib: “Onun kimliyi haqqında bizim Siyasi Şurada müzakirələr aparılıb. Bildiyimiz kimi, İran səfirliyi Sabir bəyin açıqlamasına etiraz bildirib. Onun təhlükəsizlik məsələsi var. Bu fonda Bəhmən Sultanlının bu kimi ittihamları şübhə doğurur. Düzü, əlimizdə fakt olmasa da, bu ittihamlarla İran tərəfinin mövqeyi arasında bağlılıq olduğunu düşünürəm”.
VHP sədrinin müşaviri, Ali Məclisin keçmiş üzvü Bəhmən Sultanlı isə APA-ya deyib ki, dediyi fikirlər həqiqətə uyğundur: “Partiyanın Siyasi Şurası keçirilmir, əgər keçirilibsə, protokol göstərsinlər. Almaz Qəhrəmanlı partiyanın işlərinə qarışır. Bu qanunlara ziddir. Özümüz partiyada saxtakarlıqla, qanun pozuntusu ilə məşğul olandan sonra iqtidardan necə qanun tələb edə bilərik?”