Bakı. Etibar Məmmədov - APA. “Vətəndaş və İnkişaf Partiyasının prezident seçkilərində iştirakı və namizədi may-iyun aylarında keçiriləcək qurultayda müəyyənləşəcək”. Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.
VİP sədri bildirib ki, müxalifət tam olaraq seçkilərə qatılmalı və bütövlükdə hakimiyyətin opponenti kimi çıxış etməlidir: “Ölkədə baş verən hadisələr də bunun zəruriliyini bir daha sübut edir. Təəssüflər olsun ki, hələlik Azərbaycan müxalifəti hadisələrin arxasınca sürünməkdə maraqlı kimi görünür. Seçkilərin həlledici olduğunu nəzərə alaraq müxalifət seçkilərə tam qatılmalı və pərakəndəlik aradan qaldırılmalıdır”.
Ə.Əliyevin sözlərinə görə, əgər müxalifətin birliyi olmayacaqsa, VİP prezident seçkilərinə öz namizədi ilə qatılacaq və bu da partiyanın mövqeyinin cəmiyyətə çatdırılmasında bir vasitə kimi dəyərləndiriləcək: “Əgər müxalifətin pərakəndəliyi davam edəcəksə, təbii ki, biz də partiya olaraq seçkilərdə iştirak edəcəyik və mövqeyimizi açıqlayacağıq. Vətəndaş və İnkişaf Partiyasının may-iyun aylarında qurultayı keçiriləcək və biz həmin qurultayda seçkilərdə öz namizədimizlə iştirak haqqında müzakirələr aparacağıq. Partiyanın namizədi də qurultayda müəyyənləşəcək”.