Bakı-APA. Vladimir Jirinovski növbəti dəfə Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri seçilib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, gizli səsvermənin nəticələrinə görə, onun namizədliyini Moskvada keçirilmiş partiyanın 26-cı qurultayının 939 nümayəndəsi dəstəkləyib, 13 nəfər deleqat onun “əleyhinə” səs verib.
Xatırladaq ki, Vladimir Jirinovski 1990-cı ildən RLDP-ə rəhbərlik edir. Qurultayda çıxışı zamanl o 2017-ci ilədək bu postda qalmaq niyyətini açıqlayıb. “Partiyanın 2017-ci ildə keçiriləcək növbəti qurultayında yeni sədr seçilsə mən buna etiraz etməyəcəyəm, belə halda yalnız fraksiyaya rəhbərlik edəcəm”, deyə liberal demokratların lideri qeyd edib. Potensial xələfləri məsələsinə toxunan Jirinovski bu vəzifəyə oğlu İqor Lebedevin, Smolensk vilayətinin qubernatoru Aleksey Ostrovskinin, Dövlət Dumasının ictimai təşkilatlarla iş üzrə komitəsinin rəhbəri Yaroslav Nilovun iddialı olduqlarını qeyd edib.