Baklı. Ramil Məmmədli - APA. Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında partiyanın rayon və şəhər təşkilatları sədrlərinin iştirakı ilə respublika müşavirəsi keçirilib.
APA-nın məlumatına görə, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, təmsil etdiyi qurum prezident seçkilərinə çox ciddi hazırlaşır və bu aksiya ilə bağlı YAP qəbul olunan seçki planlarına uyğun olaraq müvafiq tədbirlərini həyata keçirilməsinə başlayıb.
Ə.Əhmədov partiyanın ölkə üzrə ilk təşkilatlarının mövcud olduğunu və seçkilərdə bu qurumların üzərinə böyük yük düşdüyünü də deyib: “Ümumilikdə seçki hərəkətləri rayon təşkilatları vasitəsilə reallaşdırılır. Bu günkü müşavirədə də seçki və seçkiyə hazırlıqla əlaqədar müəyyən tapşırıqlar veriləcək. Yerlərdə bundan əvvəl verilmiş tapşırıqların icrası ilə əlaqədar fikir mübadiləsi aparılacaq və növbəti dövrdə həyata keçirəcəyimiz, atacağımız addımlarla əlaqədar işlər müzakirə olunacaq və lazımi tövsiyələr veriləcək”.
O, seçkilərə ciddi hazırlığın zəruriliyini də vurğulayıb: “Seçkiyə hazırlıq prosesində YAP-ın bütün strukturlarını, fəalları və üzvlərini seçki kampaniyasında yaxından iştirakını təmin etməkdir. Hakim partiyanın 600 min nəfərlik fəal üzvlərinin seçki kampaniyasına hazırlığını təmin etmək üçün geniş proqram müəyyənləşdirilib”. Ə.Əhmədov qeyd edib ki, partiyanın bütün üzvlərinin seçkidə, təşviqat-təbliğat kampaniyalarında yaxından iştirakı bütövlükdə Azərbaycanda seçki fəallığının artmasına müsbət təsir göstərəcək: “Bu mənada biz tez-tez görüşlər, tədbirlər keçirib, fikir mübadiləsi aparırıq”.
Daha sonra tədbir medianın iştirakı olmadan davam edib.