APA-nın məlumatına görə, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov deyib ki, 2012-ci il Azərbaycan xalqı və dövləti üçün uğurlu olub, bütün istiqamətlərdə böyük nailiyyətlər əldə edilib. Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edən Ə. Əhmədov 2013-cü ildə keçiriləcək prezident seçkiləri haqda danışıb: “Prezident seçkiləri ilə bağlı Azərbaycan xalqının rəyi, mövqeyi müəyyəndir. Azərbaycan xalqı İlham Əliyevdən başqa namizəd görmür. 2013-cü ildə İlham Əliyev və onun namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyası qələbə qazanacaq”.
Baş nazirin birinci müavini Yaqub Eyyubov ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlardan bəhs edərək bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müsbət nəticələr verdiyini söyləyib. O qeyd edib ki, Azərbaycan bölgənin lider ölkəsi kimi mövqelərini möhkəmləndirir.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında Heydər Əliyevin və prezident İlham Əliyev rolunu yüksək qiymətləndirib: “Cənubi Qafqazda Azərbaycanın iqtisadi payı 80 faizə çatıb. Bu da Azərbaycanı regionun lider dövlətinə çevirib. Prezidentin həyata keçirdiyi neft strategiyası nəticəsində Azərbaycan rəqabətədavamlı və ixracatçı ölkəyə çevrilib”.
Z. Əsgərov Ermənistanın işğalçı siyasətinə toxunaraq bəyan edib ki, Azərbaycan öz ərazilərinin işğalı ilə barışa bilməz: “Nəyin bahasına olursa olsun, o torpaqlar azad edilməlidir. Bu baxımdan hərbi xərclərin artırılması təbiidir. Çünki həm Azərbaycan torpaqları işğal altındadır, həm də Ermənistanla aparılan danışıqlar nəticə vermir. Bəzi dairələr bizim əvəzimizə qərar qəbul etmək, siyasi kursun müəyyən edilməsi məqsədilə ölkədə baş verən prosesləri şişirdir, Azərbaycana qarşı ikili standartlar tətbiq edir. Lakin nəticədə bu proses fiaskoya uğrayır və uğrayacaq”.
Tədbirdə digər natiqlər də Azərbaycanın inkişaf yolu və potensialı haqda çıxış ediblər.