Bakı. Mübariz Aslanov - APA. “Bahar Muradova bu gün yox, 7 il əvvəl - 2005-ci ildə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini vəzifəsindən çıxıb”.
Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı bu gün keçirilən qurultayda B. Muradovanın YAP icra katibinin müavini vəzifəsindən kənarlaşdırılması barədə xəbərlərə münasibət bildirərkən deyib.
M. Qurbanlı qeyd edib ki, B. Muradova 2005-ci ildə Milli Məclisin vitse-spikeri seçildiyi üçün avtomatik olaraq icra katibinin müavini vəzifəsindən kənarda qalıb: “Hər iki iş icraedici, dinamik iş olduğu üçün paralel şəkildə aparıla bilməzdi. Ona görə də o vaxtdan Bahar Muradova YAP icra katibinin müavini deyil. Bugünkü qurultayda isə YAP icra katibinin iki müavini yenidən seçildi - Siyavuş Novruzov və mən. Struktur olaraq heç bir dəyişiklik olmadı. Çox yaxşı olardı ki, bəzi mətbuat nümayəndələri partiya, parlament fəaliyyəti ilə tanış olduqdan, yaxud məsələni öyrəndikdən sonra bu haqda yazsınlar”.
Qeyd edək ki, bu gün YAP-ın V qurultayı keçirilib. Qurultayda Siyasi Şura, İdarə Heyəti, sədr və müavinlər seçilib.
Hazırkı dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi YAP tərəfindən irəli sürülüb.