Bakı. Mübariz Aslanov - APA. Bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Xarici Siyasət Klubunun (Foreign Policy Club - FPC) təqdimatı olub.
APA-nın məlumatına görə, layihə barədə məlumat verən YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov bildirib ki, klubun yaradılması partiyanın xarici əməkdaşlığının gücləndirilməsinə xidmət edir.
O qeyd edib ki, burada YAP gənclərinin xarici təşkilatlarla əlaqələrinin daha da genişləndirilməsinə diqqət veriləcək və partiyanın xarici siyasəti ilə bağlı geniş məlumatlar yer alacaq: “Eyni zamanda xarici səfərlərdə və xarici qonaqlarla görüşlərdə, tədbirlərdə beynəlxalq siyasətlə bağlı prioritetlər təqdim olunacaq. Klubda xarici əməkdaşlarla birbaşa təmaslar qurula bilinəcək, həmçinin mütəxəssislərin daxili və xarici siyasətlə bağlı leksiyaları dinləniləcək”.
Təqdimatda çıxış edən YAP-ın sədr müavini, deputat Əli Əhmədov isə bildirib ki, bu klubun fəaliyyəti nəticəsində Azərbaycan gəncliyi öz mövqeyinin formalaşmasında ciddi addımlar atacaq: “Burada keçirilən müzakirələr zamanı gənclər dünyadakı siyasi praktikanı dərk etməklə Azərbaycanın milli maraqlarını müdafiə etmək imkanı qazanacaqlar”. Ə.Əhmədov Azərbaycanın strateji mövqeyi, Dağlıq Qarabağ münaqişəsi və ölkə iqtisadiyyatının nailiyyətləri barədə gənclərə məlumat verib. Daha sonra YAP-çı gənclərlə klub ətrafında söhbətlər aparılıb və slaydlarla təqdimatı olub.