Bakı. Etibar Məmmədov - APA. “Məşvərət Məclisinin artıq iki iclasında seçkiqabağı qurumun fəaliyyətində müəyyən münasibət ortaya qoyması haqqında təkliflər irəli sürülüb”. Bunu APA-ya açıqlamasında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, DQMM-də təmsil olunan partiya rəhbərləri tərəfindən qurumun seçki öncəsi fəaliyyət istiqamətində müəyyən dəyişiklik etmək üçün təkliflər irəli sürülür və bu yaxın zamanlarda müzakirə olunacaq: “Məşvərət Məclisinin artıq iki iclasında Məclisin siyasi bloka çevrilməsi haqqında təkliflər irəli sürülüb. Burada təmsil olunan siyasi rəhbərlər tərəfindən Məclisin növbəti iclaslarında seçki ilə əlaqədar münasibət olması haqqında təkliflər irəli sürür. Buraya Məclisin siyasi bloka çevrilməsi və ya vahid namizəd, vahid ideya, vahid platforma ətrafında birləşməsi barədə təkliflər var. Təbii ki, bu məsələlər müzakirə olunacaq. Artıq yüngül formada müzakirələr gedib”.
DQMM-in seçkiyə vahid namizədlə qatılması məsələsinə münasibət bildirən AMİP sədri deyib ki, onun təmsil etdiyi partiya Məclisin hər hansı namizədini dəstəkləməli deyil. Onun sözlərinə görə, Məşvərət Məclisi Azərbaycanda bir siyasi düsturun tərəfində qalmalıdır: “AMİP Azərbaycanda vahid namizəd, vahid platforma, vahid ideya, vahid komandanın tərəfdarıdır. Əgər Məclis öz namizədi ətrafında birləşərsə, biz bu ideyadan əl çəkməli olacağıq”.
Məşvərət Məclisinin fəaliyyətinə də toxunan partiya sədri qeyd edib ki, qurumun qəbul etdiyi qərarlar icbari deyil, tövsiyə xarakteri daşıyır. O bildirib ki, Məclis indiyə kimi bir çox üstünlüklər qazanıb: “Məşvərət Məclisinin əsasnaməsində göstərilib ki, bu qurumda iştirak edən siyasi təşkilatlar tərəfindən qəbul edilən qərarlar icbari xarakter deyil, tövsiyə xarakteri daşıyır. Məşvərət Məclisi yalnız siyasi partiyaların məsləhətləşmə yeridir. Bununla belə, Azərbaycanda müəyyən ictimai-siyasi vəziyyətlə əlaqədar yaranmış hadisə haqqında qərar qəbul edir. Bildiyiniz kimi, biz “Müstəqil Hüquqşünasların Seçki Memorandumu” adlı sənəd hazırladıq və hələ Azərbaycanda siyasi təşkilatlar qərar verənə kimi məclis ilk dəfə olaraq bu memorandumu qəbul etdi. Eyni zamanda Məclis Azərbaycanda ilk dəfə seçki qabağı mühitin demokratikləşməsi, seçkiqabağı mühitin formalaşması ilə bağlı seçki məcəlləsinə olan dəyişikliklərlə əlaqədar təkliflər paketini qəbul etdi. Bu da bizim qurumun üstünlüklərindən biridir”.