Bank Of Baku

Zəfər Quliyev: “İctimai Palata prezident seçkiləri ilə bağlı mövqeyini ortaya qoymalıdır”

Zəfər Quliyev: “İctimai Palata prezident seçkiləri ilə bağlı mövqeyini ortaya qoymalıdır”
# 03 dekabr 2012 11:41 (UTC +04:00)

 

Bakı. Ramil Məmmədli - APA. “İctimai Palata prezident seçkiləri ilə bağlı mövqeyini ortaya qoymalıdır. Seçkiyə vahid namizəd, yoxsa bir neçə namizədlə qatılacağını, yaxud hansısa namizədi dəstəkləyəcəyini müəyyənləşdirməlidir. Seçki ilə bağlı bu prinsipial məsələlər həllini tapmalıdır. İctimai Palatanın Koordinasiya Şurasının yaxınlarda keçiriləcək iclasında da bu məsələnin müzakirəsi gözlənilir”.

 

Bu açıqlamanı APA-ya İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, politoloq Zəfər Quliyev verib. Onun sözlərinə görə, qurumda bununla əlaqədar fikir ayrılığı var və bunun da olması təbiidir: “İctimai Palatanın seçkiyə vahid namizədlə getməsi çox ziddiyyətli və qəliz məsələdir. Əvvəlki illərin təcrübəsi də göstərir ki, bu məsələ müxalifət daxilində ziddiyyətləri gücləndirir və parçalaya bilər. Fikrimcə, əsas namizəd məsələsinin önə çəkilməsi daha optimal görünə bilər. İctimai Palatada namizəd olacaq şəxslərin arasında öz əsas namizədinin olub-olmaması məsələsini müəyyənləşdirməlidir”.

 

İP-də siyasətçilərin namizədliklə bağlı güzəştə gedib-getməməsi məsələsinə də toxunan Z. Quliyev deyib ki, siyasətdə yaş senzinin nəzərə alınmasını önəmli deyil: “Bir çox hallarda yaşda böyük olan siyasətçilər reallığı nəzərə alaraq cavanlara yol verirlər. Açığını demək lazımdır ki, bizim bir çox partiya rəhbərlərinin və müxalifətdə olan liderlərin nöqsanı imkanlarına qiymət verməməkləridir. Çox zaman liderlik və heç kimə güzəştə getməmək ambisiyası o qədər güclü olur ki, sadaladığım nöqsanlar problemə çevrilə bilir. Bizdə demək olar ki, bütün siyasi partiya liderləri özlərini əvəzolunmaz sayırlar. Hətta düşünürlər ki, heç kimə güzəştə getməməlidirlər, onların şansı hamıdan çoxdur və cəmiyyət mütləq onları dəstəkləyəcək. Hətta ən xırda partiyanın lideri də belə düşünür. Buna görə də namizəd məsələsində heç kimə güzəştə getmirlər. Ona görə də hesab edirəm ki, indiki mərhələdə liderlərin bir-birinə güzəştə getməməsi məsələsi ən ağrılı məqamlardan biridir”.

 

Z. Quliyev namizədin şansının texniki proseduralarla müəyyənləşdirilməsinin mümkünlüyü haqda da danışıb: “Sorğuların nəticələrinə inamsızlıq var. Həm müxalifət düşərgəsində, həm partiyalarda, həm də İctimai Palatada ilkin seçkinin keçirilməsi çətin olub. Hər halda hesab edirəm ki, liderlər məsələyə daha müdrik və dözümlü yanaşmalıdırlar. Hələ vaxt var və liderlər məsələlərə realist olaraq  yanaşmalıdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR