Bakı. Ramil Məmmədli – APA. “İctimai Palata sanki prezident seçkiləri məsələsində iki strategiya arasında qalıb”. Bunu APA-ya açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər Quliyev deyib.
Z.Quliyev bildirib ki, qurumda Müsavat Partiyasının, yoxsa AXCP-nin mövqeyinin dəstəklənməsi məsələsi gündəmdən düşməyib: “Hər bir halda İctimai Palatanın bir mövqe ortaya qoymasını istəyirik və çalışırıq. Niyyətimiz seçkiyə bir namizəd, platforma və strategiya ilə getməkdir. Lakin siyasi reallıq başqa məsələləri diktə edir”.
Z.Quliyev hazırkı vəziyyətin İctimai Palatanın xeyrinə olmadığını da qeyd edib: “İstər-istəməz bu vəziyyət İctimai Palatanın seçki prosesində fəal iştirakına maneə yaradır. Çünki bu quruma daxil olan iki aparıcı partiyalardan biri öz namizədini müəyyənləşdirib, digəri isə seçkidə iştirak edib-etməmək məsələsində mövqeyini tam müəyyənləşdirməyib”.
Z.Quliyev deyib ki, qurumun aktiv fəaliyyət göstərməsi üçün problem olan məsələlər öz həllini tapmalıdır.