Bakı. Etibar Məmmədov-APA. “Milli Şuranın öz namizədi, Müsavat Partiyasının isə öz namizədi var. Bu da Milli Şura daxilində müəyyən ziddiyyət yaradır”.
Bu açıqlamanı APA-ya Milli Şuranın (MŞ) üzvü, “El” Hərəkatının İdarə Heyətinin sədr müavini Zəfər Quliyev verib.
Onun sözlərinə görə, Milli Şurada seçkiləri boykot etməklə bağlı fərqli mövqelər var: “Mən boykotun tərəfdarı deyiləm və düşünürəm ki, Milli Şura sona qədər demokratik seçki uğrunda mübarizə aparmalı, vahid namizədinin qeydiyyata alınması istiqamətində səy göstərməlidir”.
Z. Quliyev hesab edir ki, seçkilərin boykot edilməsi hadisələrin gedişindən asılıdır və bu variant istisna deyil: “Yəni boykot variantı da mümkündür, həmçinin elə bir vəziyyət yarana bilər ki, tək Milli Şuraya daxil olan partiyalar deyil, digər namizədlər də qeydiyyata alınmasa, boykot qaçılmaz ola bilər. Ancaq boykot variantını nəzərdə tutmaq və bunu uyğun hərəkət etmək düzgün deyil”.
Z. Quliyevin sözlərinə görə, Milli Şuranın ehtiyat namizədin olmasının vacibliyi məntiqli yanaşma deyil: “Çünki Milli Şura məhz vahid namizəd üçün formalaşdırılıb və bütün cəmiyyəti bu namizəd ətrafında birləşməyə çağırır. Bu baxımdan ehtiyat namizəd məsələsi yaransa, faktiki olaraq bu Milli Şuranın bütün fəlsəfəsini, konsepsiyasını pozur və cəmiyyəti çaşdırır”.
MŞ üzvü Müsavat Partiyasının seçkilərdə iştirak haqqında qərarının qüvvədə saxlanmasına da münasibət bildirib. O qeyd edib ki, bu, partiyanın daxili işi olsa da, Milli Şurada təmsilçilik baxımından ziddiyyət yaradır: “Müsavat Partiyası bir neçə dəfə namizəd məsələsini qaldırıb. Bu partiyanın daxili işi olduğundan, mən bu qərara hörmətlə yanaşıram. Lakin bu, Milli Şurada müəyyən dərəcədə ziddiyyət yaradır. Müsavat Partiyası Milli Şurada təmsil olunmasaydı, burada heç bir ziddiyyət olmazdı. Yəni ki, partiya seçkilərə kənardan öz namizədi ilə qatılır. Ancaq Müsavat Partiyası Milli Şuranın formalaşmasında aparıcı partiyadır, həm də Milli Şurada təmsil olunur”.