Bank Of Baku

Fərid Şəfiyev: Orta Dəhlizin məqsədi xüsusilə böhran dövrlərində mühüm boşluqları doldurmaqdır

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri Fərid Şəfiyev

© APA | Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri Fərid Şəfiyev

# 16 sentyabr 2026 12:28 (UTC +04:00)

Orta Dəhliz ənənəvi marşrutları əvəz etmək üçün nəzərdə tutulmayıb.

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri Fərid Şəfiyev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkil etdiyi Türk Dövlətlərinin Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında deyib.

Fərid Şəfiyev bildirib ki, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki münaqişələr fonunda Orta Dəhliz üzrə yük axınının artması bu marşrutun əhəmiyyətini daha da artırıb.

Onun sözlərinə görə, Orta Dəhlizin ənənəvi şimal və dəniz marşrutlarını əvəz etmək kimi məqsədi yoxdur: “Dəniz marşrutları öz əhəmiyyətini qoruyacaq. Şimal marşrutları da Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra, yəqin ki, yenidən fəaliyyət göstərəcək. Lakin Orta Dəhlizin məqsədi xüsusilə böhran dövrlərində mühüm boşluqları doldurmaqdır”.

BMTMM sədrinin hesab edir ki, əvvəllər Azərbaycanın neft və qaz ixracı ilə bağlı mövcud olan skeptik yanaşmalar da sonrakı proseslər fonunda özünü doğrultmayıb. O qeyd edib ki, hazırda Avropanın enerji təhlükəsizliyində Azərbaycanın qaz tədarükünün də mühüm rolu var.

Fərid Şəfiyev Orta Dəhliz üzrə yükdaşımaların artdığını diqqətə çatdırıb. O deyib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Sistemi üzrə yükdaşımaların həcmi 2023-cü ildə 2,76 milyon tondan 2025-ci ildə 4,1 milyon tona yüksəlib.

Fərid Şəfiyev qeyd edib ki, Orta Dəhlizin rəqabət qabiliyyəti yalnız fiziki infrastrukturdan yox, həm də yüklərin sərhədlərdən nə dərəcədə səmərəli keçirilməsindən asılıdır. Onun sözlərinə görə, bu baxımdan rəqəmsallaşma və gömrük prosedurlarının sadələşdirilməsi xüsusi əhəmiyyət daşıyır: “Bürokratik maneələri nə dərəcədə səmərəli aradan qaldıra bilməyimiz Orta Dəhlizin effektivliyi üçün həyati əhəmiyyət daşıyır”.

BMTMM sədri Türk dövlətləri arasında koordinasiyanın artdığını və “Rəqəmsal İpək Yolu” layihəsi də daxil olmaqla bir sıra mühüm təşəbbüslərin həyata keçirildiyini diqqətə çatdırıb. O, Zəngəzur dəhlizinin də gələcəkdə Orta Dəhlizin əlavə qolu ola biləcəyini qeyd edib: “Ümid edirik ki, tikildiyi zaman Zəngəzur dəhlizi Orta Dəhlizin əlavə bir qolu olacaq. Bu, yalnız nəqliyyat baxımından deyil, həm də Azərbaycan və Ermənistan arasında normallaşma prosesi baxımından əhəmiyyətlidir”.

Fərid Şəfiyev Mərkəzi Asiyada Çin–Qırğızıstan–Özbəkistan arasında inkişaf edən yeni marşrutun Türkmənistan, Xəzər dənizi və Azərbaycan istiqamətində genişləndirilməsinin vacibliyini də vurğulayıb: “Geosiyasi vəziyyət qeyri-sabit olaraq qalır. Buna görə də siyasi və iqtisadi baxımdan ən sabit marşrut Xəzər dənizi üzərindən keçən marşrut olacaq. Azərbaycan bu yeni qolun Türkmənistan və Azərbaycan istiqamətində genişləndirilməsini təşviq etmək istəyir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR