Mərkəzi Asiya və Qafqazı bütövlükdə təmsil edən vahid regional struktur hələ formalaşmayıb.
"APA-Economics" xəbər verir ki, bunu Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederick Starr Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, region ölkələrinin müxtəlif xarici tərəfdaşlarla əməkdaşlıq formatları mövcuddur.
“Bəli, regionla kənardan əməkdaşlığı təşkil edən müxtəlif və faydalı formatlar var. İlk belə formatlardan biri 20 ildən çox əvvəl Yaponiya ilə Mərkəzi Asiya arasında yaradılıb. Daha sonra Koreya, Avropa, Rusiya və Çin də öz qarşılıqlı fəaliyyət formatlarını yaratdılar. Bu, yaxşıdır, lakin mahiyyət etibarilə mərkəzdənqaçma xarakteri daşıyır”, – Starr bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, son onillikdə Xəzərin iki sahili arasında əlaqələr nəqliyyat, ticarət, tariflər, vergi və turizm daxil olmaqla müxtəlif istiqamətlərdə genişlənib.
F.Starr qeyd edib ki, bu proseslər regiondaxili əməkdaşlığın gələcək inkişafı üçün böyük perspektivlər yaradır.