Bank Of Baku

ICIEC: Ötən il Türkiyə və Gürcüstanda üç dəmir yolu layihəsinə sığorta təminatı vermişik

ICIEC: Ötən il Türkiyə və Gürcüstanda üç dəmir yolu layihəsinə sığorta təminatı vermişik
# 17 iyun 2026 10:55 (UTC +04:00)

İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC) ötən il Türkiyə və Gürcüstanda regional inteqrasiyaya töhfə verən üç dəmir yolu layihəsinə sığorta dəstəyi göstərib.

APA xəbər verir ki, bunu ICIEC-in baş icraçı direktoru Xalid Xələfalla İslam İnkişaf Bankı Qrupunun (IsDB) illik toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumu 2026-nın plenar müzakirəsində deyib.

Onun sözlərinə görə, nəqliyyat infrastrukturu ICIEC-in fəaliyyətində əsas istiqamətlərdən biridir:

“İnfrastruktur, xüsusilə nəqliyyat sektoru üzrə layihələrin dəstəklənməsində mühüm rol oynayırıq. Bu layihələr adətən böyük həcmli olduğundan onları təkbaşına həyata keçirmək mümkün olmur. Buna görə də Dünya Bankı Qrupunun MIGA agentliyi, ərəb ölkələrinin və Afrika regionunun ixrac-kredit agentlikləri, eləcə də Avropa tərəfdaşları ilə əməkdaşlıq edirik”.

Xələfalla qeyd edib ki, dəmir yolu layihələrində Almaniya, Fransa və İspaniyanın ixrac-kredit agentlikləri ilə sıx əməkdaşlıq həyata keçirilir:
“Ötən il Türkiyədə üç dəmir yolu layihəsinə sığorta təminatı vermişik. Bu layihələrdən biri Azərbaycanın sərhədinə yaxın ərazidə yerləşirdi. Həmçinin Gürcüstanda liman layihəsinə dəstək göstərmişik. Bu təşəbbüslər regional inteqrasiyanın gücləndirilməsinə xidmət edir”.

ICIEC rəhbəri bildirib ki, təşkilatın təqdim etdiyi sığorta mexanizmləri investorların risklərini azaltmaqla yanaşı, maliyyə resurslarına çıxışı da asanlaşdırır:

“Bəzi hallarda risklər real olur, bəzi hallarda isə ölkə ilə bağlı formalaşmış təsəvvürlərdən qaynaqlanır. Təklif etdiyimiz sığorta və kredit reytinqi dəstəyi ölkələrə daha çox investisiya cəlb etməyə və əlavə maliyyə resursları səfərbər etməyə imkan yaradır”.

Onun sözlərinə görə, enerji sektoru da prioritet istiqamətlərdən biridir:

“Enerji layihələri təkcə daxili tələbatın ödənilməsinə deyil, eyni zamanda qonşu ölkələrə ixrac imkanlarının genişləndirilməsinə xidmət edir. Nəqliyyat və enerji infrastrukturu üzrə dəstəyimiz regional əməkdaşlığın və ticarətin inkişafına mühüm töhfə verir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR