Geosiyasi çağırışlar fonunda Orta Dəhlizin strateji əhəmiyyəti getdikcə artır və Azərbaycan bu marşrutun əsas həlqələrindən biri kimi çıxış edir.
"APA-Economics" xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 28-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu gün infrastruktura çox ciddi investisiyalar yatıran bir ölkədir:
"Bizim avtomobil yolları, dəmir yolları, hava nəqliyyatı, su nəqliyyatı istiqamətində çox mühüm nailiyyətlərimiz mövcuddur və bu gün baş verən geosiyasi çətinliklər, çağırışlar fonunda Orta Dəhlizin rolu getdikcə artır. Orta Dəhliz isə məhz Azərbaycandan keçir. Asiyanı Avropa ilə birləşdirir, Xəzər dənizini Qara dənizə birləşdirir və eyni zamanda bir çox digər istiqamətlər üzrə alternativ marşrutlar yaradır".