Bakı İlahiyyat Kolleci yaradılıb

Bakı İlahiyyat Kolleci yaradılıb
# 11 dekabr 2023 10:19 (UTC +04:00)

Azərbaycan İlahiyyat İnstitutu publik hüquqi şəxsin yanında Bakı İlahiyyat Kolleci publik hüquqi şəxsi yaradılıb.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə DövlətKomitəsinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında “Bakı İlahiyyat Kolleci” (bundan sonra - Kollec) publik hüquqi şəxs yaradılıb.

Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Nazirlər Kabinetinə publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi:

Kollecin dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli, bu Qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Kollecin fəaliyyətinin təmin edilməsi üçün tələb olunan xərclərin maliyyələşdirilməsi məqsədilə Maliyyə Nazirliyi zəruri tədbirlər görməlidir.

İqtisadiyyat Nazirliyi dövlət qeydiyyatına alındığı gündən Kollecin inzibati bina ilə təmin edilməsi məsələsinin həlli barədə təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR