Erkən nikahlar bizim “qırmızı xətt”imizdir.
APA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov parlamentdə "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə çıxış edib.
O bildirib ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin də fətvası var və din xadimləri qarşısında konkret tələblər qoyulub.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədri Hicran Hüseynova bu fikrə cavab olaraq bildirib ki, erkən nikahların əksəriyyətində axundlar kəbin kəsir:
“Erkən nikahların “qırmızı xətt” olduğunu deyirsiniz. Lakin bu gün erkən nikahların əksəriyyətində axundlar kəbin kəsir. İndiyə qədər biz bir dəfə də görməmişik ki, bir nəfər cəzalandırılsın və ya bu istiqamətdə iş görülsün. Biz görürük ki, axundlar məscidlərə körpə uşaqları, qız uşaqlarını aparırlar”.
Hicran Hüseynova qeyd edib ki, bu gün ölkədə selektiv abortla bağlı məsələ çox ciddidir:
"Bu, özü də İslamda günahdır. Necə oldu ki, bizim özünü müsəlman adlandıran şəxslərimiz belə əməllərə əl atırlar. Burada qadını günahlandırırlar. Çox istərdim ki, məscidlərdə axundlarla görüş keçirərkən bu məsələni də qaldırasınız və məlumatlandırıcı çıxışlar edəsiniz. Bu sahədə mənim ölkəm artıq Çini keçib. Biz əvvəl Çini danışırdıq, indi isə birinci yerdəyik. Hesabatlar zamanı bizə çox iradlar bildirirlər".