"Türk dövlətləri zərərli cərəyanlara qarşı ortaq strategiyalar hazırlamalıdır".
APA xəbər verir ki, bunu Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini liderlərinin 7-ci Görüşündə deyib.
Safi Arpaquş çıxışında qlobal problemlər və dəyərlər böhranı fonunda türk dövlətləri arasında dini, mədəni və mənəvi sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
O bildirib ki, TDT artıq mühüm strateji birliyə çevrilib və üzv ölkələrin dini işlər və dini idarə rəhbərlərinin görüşləri yalnız siyasi və iqtisadi məsələlərlə məhdudlaşmamalıdır.
“Bu görüşləri sosial, mədəni və mənəvi istiqamətlərdə birliyimizi təmin edən strateji məsləhətləşmə platforması kimi qiymətləndirmək lazımdır”, – deyə nazir qeyd edib.
Safi Arpaquş bildirib ki, bu cür görüşlər dini, tarixi və mədəni bağların yenidən canlandırılması, qloballaşmanın mənfi təsirlərinə qarşı ortaq baxış və yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Diyanət İşləri Naziri İslam sivilizasiyasının bütün bəşəriyyəti əhatə edən universal dəyərlər üzərində qurulduğunu diqqətə çatdırıb. O, Türk-İslam dünyasının sahib olduğu zəngin irsin gələcək nəsillərə çatdırılmasının mühüm məsuliyyət olduğunu deyib.
Çıxışında dini radikalizm və dini dəyərlərdən sui-istifadə məsələsinə də toxunan Safi Arpaquş bəzi strukturların dini anlayışlardan istifadə etməklə cəmiyyətlərdə nifaq yaratdığını və müsəlmanlar arasında qarşıdurma toxumları səpdiyini bildirib.
O qeyd edib ki, İslam dininin şiddət və terrorla əlaqələndirilməsi cəhdləri, eləcə də dünyanın müxtəlif bölgələrində müsəlmanlara qarşı sistemli təzyiqlər, nifrət nitqi və ksenofobiya narahatlıq doğurur.
“Türk dövlətləri olaraq sabitliyimizi və daxili təhlükəsizliyimizi təhdid edə biləcək bütün zərərli cərəyanlara qarşı ortaq mövqe və strategiyalar hazırlamaq məcburiyyətindəyik”, – deyə nazir vurğulayıb.
Safi Arpaquş həmçinin türk dövlətlərinin dini qurumları arasında təcrübə mübadiləsinin artırılmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu, İslam dininin dünya miqyasında yanlış qavranılmasının və terror təşkilatları tərəfindən istismar edilməsinin qarşısının alınmasına töhfə verə bilər.
Nazir qloballaşma, süni intellekt və rəqəmsallaşmanın yaratdığı yeni sosial və əxlaqi problemlərə də diqqət çəkib. O, ailələrin və gənc nəslin qorunmasına yönəlmiş ortaq maarifləndirmə və rəhbərlik layihələrinin hazırlanmasının vacibliyini bildirib.
“Dini bayramların, Ramazan ayının və Qurban bayramının vaxtlarının ortaq tarixdə təsbiti, halal qida və s. sahələrdə əməkdaşlığımız vacibdir”, - Arpaquş qeyd edib.