Azərbaycanda aztəminatlı ailələr enerji satmaqla pul qazanacaq

Azərbaycanda aztəminatlı ailələr enerji satmaqla pul qazanacaq
# 13 aprel 2012 12:31 (UTC +04:00)
«Min ev» adlanan bu layihənin müəllifi Alternativ və bərpa olunan enerji üzrə Dövlət Agentliyidir.

Agentliyin direktor müavini Cəmil Məlikov «APA-Economics»ə açıqlamasında bildirib ki, artıq bu layihə Nazirlər Kabinetinə təqdim edilib və indi onun müzakirələri gedir: «Biz bununla bağlı çox müsbət rəylər almışıq».

Layihəyə əsasən, Azərbaycanda aztəminatlı ev sahiblərinə dövlət büdcəsi hesabına uzunmüddətli kreditlər ayrılacaq. Bu kreditlər hesabına həmin ailələrin evlərinə günəş panelləri sistemi quraşdırılacaq ki, bu panellər onların evlərinin elektrik enerjisi və isti suya olan tələbatını təmin edəcək. Enerjinin artıq qalan hissəsi isə ümumi elektrik şəbəkəsinə satılacaq. Bunun sayəsində, yəni elektrik enerjisinin satılması nəticəsində bu ailələr əlavə gəlir əldə etmək imkanı qazanacaq. «Əsas məqsəd odur ki, həmin ailələr faktiki olaraq enerjiyə vəsait xərcləməyəcəklər. Əksinə, onlar enerji satışından pul qazana biləcəklər. Bu qazanc hesabına onlar həm kreditləri qaytara biləcək, həm də əlavə gəlirə malik olacaqlar», - deyə Agentlik rəsmisi vurğulayıb.

Layihənin icrasına bu il başlanması nəzərdə tutulur. Hələlik layihə ilə bağlı bəzi məsələlər, o cümlədən ailələrin satacağı enerjinin tarifi, kreditin məbləği və şərtləri müəyyən edilməyib. Hazırda bu məsələlər müzakirə predmetidir.

İlkin hesablamalara görə, bir evə lazım olan günəş panellərinin qurulmasına və sistemin yaradılmasına 8 min manat tələb olunur. Bu proqram ilkin olaraq 20 ilə nəzərdə tutulub. Bu müddət ərzində həm vəsait qaytarılacaq, həm də gəlir əldə ediləcək.

C.Məlikov bildirib ki, hazırda layihənin tətbiqi üçün bir neçə yaşayış məntəqəsi nəzərdən keçirilir. İlk növbədə bu, Qobustan rayonu ola bilər. Çünki burada layihənin tətbiqi üçün artıq lazımi infrastruktur yaradılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR