“Lukoyl” sentyabrda Dağıstanda yeni neft yataqlarının kəşfiyyatına başlayacaq

“Lukoyl” sentyabrda Dağıstanda yeni neft yataqlarının kəşfiyyatına başlayacaq
# 16 aprel 2014 04:54 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstan hökuməti ilə “Lukoyl” şirkəti arasında əməkdaşlığın təşkil olunması məsələsinə həsr olunmuş iclasda şirkətin baş direktorunun birinci müavini, “Lukoyl-Nijnevoljskneft” ASC-nin baş mühəndisi Aleksey Kazakov bildirib.

“Dağıstanda biz qarşımıza “Xəzri” və “Titon” yataqlarının kəşfiyyatını həyata keçirmək vəzifəsini qoymuşuq. Bu ilin sentyabrında biz artıq “Xəzri” yatağında qazma işlərinə başlamağı planlaşdırırıq”, deyə Kazakov bildirib. Neft şirkətinin nümayəndəsinin sözlərinə görə, kəşfiyyat işləri təxminən 6 ay davam edəcək, əldə olunacaq nəticələrinin əsasında “Titon” yatağına dair qərar qəbul olunacaq. “Ortamüddətli proqramda kəşfiyyat buruqlarının qazılması, yataqların işlənməsi və abadlaşdırılması, habelə bütün logistika məsələlərin əks olunacağı nəzərdə tutulub”, deyə Kazakov əlavə edib.

Qeyd edək ki, hazırda “Lukoyl-Nijnevoljskneft” ASC-si Xəzər dənizində neftin hasilatını həyata keçirən yeganə Rusiya şirkətidir.

Xatırladaq ki, bu ilin martın 27-də Dağıstan rəhbəri Ramazan Abdulatipov “Dağıstan Respublikası Dövlət Neft-Qaz Şirkəti ASC-nin yaradılması haqqında” fərman imzalayıb.

Fərmana əsasən, hökumətə bu ilin aprelin 15-dək şirkətin yaradılması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb. Müəssisənin 10 mln. rubl olacaq nizamnamə kapitalında Dağıstanın payı 100% təşkil edəcək.

ASC-nin əsas fəaliyyət istiqamətləri respublika ərazisində neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatı, habelə, qaz, neft və neft məhsullarının satışı olacaq.

Qeyd edək ki, son 2 ildə Dağıstanda neft hasilatının həcmi ildə 200 min ton, hasil edilən qazın həcmi isə ildə 300 mln. kubmetr təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR