Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi Heydər Əliyevin 90 illiyi ilə əlaqədar tədbir keçirib

Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzi Heydər Əliyevin 90 illiyi ilə əlaqədar tədbir keçirib
# 08 may 2013 13:15 (UTC +04:00)

Bakı-APA. Azərbaycanlıların Mədəniyyət Mərkəzi Gürcüstanın Marneuli şəhərində Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçirib. APA-nın məlumatına görə, tədbirdə ziyalılar, QHT rəhbərləri, Gürcüstan parlamentinin üzvləri Mahir Dərziyev, Əli Məmmədov, SOCAR-ın Gürcüstan nümayyəndəliyinin rəsmisi Şövgi Mehdizadə, Gürcüstanın ali məktəblərində təhsil alan tələbələr, gənclər, ictimaiyyətin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Tədbiri Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov açaraq Heydər Əliyevin böyük siyasətçi kimi beynəlxalq aləmdə qazandığı uğurlardan, azərbaycançılıq ideyalarının təbliğində müstəsna xidmətlərindən, gəncliklə bağlı yürütdüyü siyasətdən söz açıb.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, ARDNŞ-in rəsmisi Şövqi Mehdizadə çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından danışıblar.

Tədbir çərçivəsində Zahid Qaralovun yeni işıq üzü görmüş "Heydər Əliyevin elmi irsi” kitabının təqdimatı olub və Şahismayıl Şəmmədoğlunun təqdimatında "Heydər Əliyev və Gürcüstan” filmi nümayiş olunub.

Daha sonra "Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqovun Gürcüstan azərbaycanlıları ilə bağlı fikirlərinə münasibət bildirən tədbir iştirakçıları tərəfindən bəyanat qəbul olunub. Bəyanatda qeyd olunub ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Rusiyada yaradılmış "Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqovun Gürcüstanın azərbaycanlı gəncləri ilə bağlı yaydığı məlumat onlarda dərin təəssüf və narahatlıq yaradır: “Vətənimiz Azərbaycan Respublikasının artan nüfuzu, dünya birliyində sanballı söz sahibinə çevrilməsi biz gürcüstanlıları ürəkdən sevindirir və qürur hissi doğurur. Biz də öz ölkəmizin layiqli vətəndaşı olmağımızla hər zaman Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasəti dəstəkləyir, azərbaycançılıq ideyaları ətrafında sıx birləşir və heç zaman düşmən dəyirmanına su tökülməsinə imkan verməyəcəyimizi bildiririk”.

Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqının sədri Leyla Məmmədova, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, şair Givi Paçxataşvili, Gürcüstan Texniki Universitetinin tələbəsi Fidan Şıxıyeva, "Metadream”təşkilatının rəhbəri Kamran Kiryakov çıxış edərək azərbaycanlı gənclərin Gürcüstanın ictimai-siyasi həyatında fəal rol oynadıqlarını, onların ağıllı-dərrakəli insanlar kimi heç bir təxribata uymayacaqlarını və heç kəsin onların adından danışmağa haqqı olmadığını xüsusi vurğuladılar.

Sonda AMM-in nəzdində fəaliyyət göstərən "Sarvan” folklor rəqs qrupu üzvlərinin ifasında ədəbi-bədii konpozisiya nümayiş olunub.

Tədbir SOCAR Georgia-nın dəstəyi ilə Marneulidə yerləşən "Çay evi”nin "Muğam” restoranında ziyafətlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR