Dövlət qulluğuna qəbulla bağlı ötən il elan edilən müsabiqə başa çatıb

Dövlət qulluğuna qəbulla bağlı ötən il elan edilən müsabiqə başa çatıb
# 18 aprel 2014 12:15 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Azərbaycan Respublikası prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın ötən il 4, 25 oktyabr və 5, 20 noyabr tarixlərində dövlət qulluğuna qəbulla bağlı elan etdiyi müsabiqə başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 2325-i qadın namizəd olmaqla, 6406 namizəd qeydə alınıb. Qeydə alınan 6406 namizədin 81,78%-ni gənclər təşkil edib.

Müsabiqənin test imtahanı mərhələsi ötən ilin 3 dekabrından bu ilin 15 yanvar tarixlərdə keçirilib. Namizədlərdən 2156 nəfəri (bütün namizədlərin 33,66%-i) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 1374 nəfəri (bütün namizədlərin 21,45%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test imtahanı mərhələsini uğurla başa vurub. Test imtahanı mərhələsini uğurla başa vuran namizədlərdən 373 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb, 746 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb, 255 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamayıb, lakin 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Müsabiqənin müsahibə mərhələsi 2013-cü il 23 dekabr – 2014-cü il 18 aprel tarixlərdə keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçən 1183 namizəddən 120 nəfəri müsahibə mərhələsində iştirak etməyib. Müsahibədə iştirak edən namizədlərdən 396 nəfəri uğur qazanıb, 667-si isə vəzifəyə uyğun hesab edilməyib. Müsahibədən uğurla keçənlərin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Onlardan 154 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.

Müsahibə mərhələsinin nəticələrinə görə daha çox namizədin uğur qazandığı dövlət orqanları Əmlak Məsələləri Dövlət Komitəsi - 54 nəfər, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi - 32 nəfər, İqtisadiyyat və Sənaye Nazirliyi – 21, Gənclər və İdman Nazirliyi - 20 nəfərdir.

Qeyd edək ki, 4, 25 oktyabr və 5, 20 noyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 99 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 1065 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR