Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi beynəlxalq tədbirdə iştirak edib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi beynəlxalq tədbirdə iştirak edib
# 18 iyun 2014 16:59 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev beynəlxalq tədbirdə iştirak edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 16-17-də Strasburqda Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) 64-cü plenar iclası keçirilib.

Tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, Azərbaycanın GRECO-dakı nümayəndə heyətinin üzvü Kamran Əliyev təmsil edib.

GRECO-ya üzv ölkələrin nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların əməkdaşlarının iştirak etdiyi tədbirdə çıxış edən K. Əliyev Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar cari ilin 30 iyun – 1 iyul tarixlərində Bakı şəhərində Avropa Şurasına üzv ölkələrin baş prokurorlarının, ədliyyə nazirlərinin və müstəqil antikorrupsiya qurumlarının rəhbərlərinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda keçiriləcək yüksək səviyyəli beynəlxalq konfransa dair, habelə həmin tədbirdə müzakirə olunacaq mövzular, iştirak edəcək qonaqlar və digər təşkilati məsələlər barədə ətraflı məlumat verərək iştirakçıların suallarını cavablandırıb.

Plenar iclasda çıxış edənlər Azərbaycanda keçiriləcək beynəlxalq konfransın zəruri tələblər səviyyəsində təşkil olunacağına əminlik ifadə etməklə tədbirdə Avropa Şurasına üzv ölkələrin baş prokurorlarının, ədliyyə nazirlərinin və müstəqil anti-korrupsiya qurumlarının rəhbərlərinin, habelə nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxslərinin iştirak etmələrini məmnunluqla qarşılayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR