Ekspertlər: «Bakı şəhərinin təkrar mənzil bazarında qiymətlərin artımı daha kəskin xarakter daşıyır»

Ekspertlər: «Bakı şəhərinin təkrar mənzil bazarında qiymətlərin artımı daha kəskin xarakter daşıyır»
# 03 iyul 2013 14:28 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin may ayı ərzində Azərbaycanda daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında aprel ayı ilə müqayisədə 2,3% artım müşahidə edilib.

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən «APA-Economics»ə verilən məlumata görə, əqdlərin dinamikasının artması təkrar mənzil bazarında dinamikanın artımı və ipoteka kreditləşməsinin aktivləşməsi ilə bağlı olub: «Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində ciddi azalma müşahidə olunub. Son 7 ay ərzində bazarın bu seqmenti üzrə təklifin kəskin azalması və qiymət dinamikasının kəskin artımı qeydə alınıb. Son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsirlər nəticəsində yeni tikililərin reablitasiyası və dövriyyə imkanları ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə xeyli artıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin artımına gətirib çıxarıb. Bütövlükdə tikintisi başa çatmış yeni tikililərdə kommunal təchizat problemlərinin həll olunması da qiymətlərin artımına təsir göstərir. Aparılan tədqiqatlar göstərir ki, ilkin bazardan fərqli olaraq təkrar mənzil bazarında qiymət dinamikasının sürətli artım tendensiyası daha kəskin xarakter daşıyır».

May ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 4,4% azalıb, orta qiymət isə əvvəlki ayla müqayisədə 5,2% artıb. Aparılan araşdırmalardan sonra məlum olub ki, təkrar bazarda mənzillərin qiymət indeksi də qiymətə müvafiq olaraq artıb və indekslər 2008-ci ilin iyun ayında qeydə alınmış ən yüksək göstəricini ötüb.

«May ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar apreldə olduğu kimi Xətai, Yasamal, Nizami və Nərimanov rayonları olub. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından və ipoteka kreditlərinin aktivləşməsindən sonra bu rayonlara olan maraq da tədricən dərinləşməkdə davam edib. Ümumilikdə, ipoteka prosesində əməliyyatların əsas çəkisi də bu rayonların üzərinə düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə yaxınlığı ilə də bağlıdır. Amma son 6 ay ərzində demək olar ki, bütün rayonlarda aktivliyin artımı ictimai nəqliyyatla tam təmin olunan, metro stansiyalarına yaxın ərazilərdə qiymətlərin daha kəskin artdığını göstərir. May ayında təkrar mənzil bazarında qiymət indeksi aprel ayı ilə müqayisədə 11,6 bənd artaraq 235,4 bəndində qərarlaşıb», - deyə İctimai Birlikdən bildirilib.

May ayında aparılan araşdırmalara əsasən, təklif 4,4% azalıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 5 160-a enib. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub.

Təklif portfelinin strukturunun uzun müddətdir ki, bu 4 rayonun hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayonun hesabına formalaşır. Layihələr üzrə təklif portfelində yeni tikililərdəki mənzillər əsas çəkiyə sahibdir.

May ayında da otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib: «Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət artımı ən çox 1 və 2 otaqlı mənzillərdə baş verib. Təklif üzrə ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və 2,2% təşkil edib».

May ayında qiymət indeksində qiymətə müvafiq olaraq artım müşahidə edilib. Orta qiymət ötən ay qeydə alınan nəticədən 5,2% artıb və 1 274 dollar/1 kv. metr təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımı 29,2% olub.

Eyni zamanda, mayda bütün rayonlarda qiymət artımı müşahidə olunub. Ay ərzində ən çox qiymət artımı Xətai rayonunda qeydə alınıb (7,4%).

Bazarda mənzillərin 1 kv. metrinin orta qiymətindən (1 274 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 52,6%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,79, hər otağın orta satış qiyməti 49 634 ABŞ dolları, mənzilin orta qiyməti isə 117 334 ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR