Banqladeşdə bina uçması nəticəsində ölənlərin sayı 1 115 nəfərə çatıb

Banqladeşdə bina uçması nəticəsində ölənlərin sayı 1 115 nəfərə çatıb
# 12 may 2013 00:29 (UTC +04:00)

Bakı-APA. Banqladeşin paytaxtı Dakka şəhəri ətrafında aprelin 24-də çökən 8 mərtəbəli binada ölənlərin sayı 1 115 nəfərə çatıb.

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə polis idarəsinin açıqlamasında bildirilir. Hərbçilər axtarış-xilasetmə işlərini davam etdirir.

Qeyd edək ki, xilasetmə işləri ötən gün, yəni faciədən 17 gün sonra uçqunun altından Reşmi Bequm adında qadının sağ-salamat çıxarıldıqdan sonra xeyli fəallaşıb. Ölənlərin sayında qəfil artım bununla izah olunur.

Qeyd edək ki, binada 4 tikiş fabriki, çoxlu sayda mağaza və bank şöbələri fəaliyyət göstərib. Binanın çökməsinə təhlükəsizlik normalarına zidd quraşdırılmış 4 güclü generatorun səbəb olduğu güman edilir. Belə ki, binada işıqlar söndükdən sonra həm generatorların, həm də tikiş maşınlarının eyni anda işə düşməsi güclü silkələnməyə səbəb olub və bina çöküb. Uçqunların altından 2,4 mindən çox adam xilas edilib.

Faciə ilə bağlı binanın sahibi də daxil olmaqla 9 nəfər həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR