Pnevmakok əleyhinə vaksinin Azərbaycana gətiriləcək ilkin sayı açıqlanıb

Pnevmakok əleyhinə vaksinin Azərbaycana gətiriləcək ilkin sayı açıqlanıb
# 26 noyabr 2013 10:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Dekabrın 1-dən etibarən Azərbaycanda tətbiqinə başlanacaq yeni pnevmakok əleyhinə vaksinlər sabah ölkəmizə gətiriləcək.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva APA-ya açıqlamasında bildirib ki, ilkin olaraq 171 600 dozada vaksininin gətirilməsi nəzərdə tutulur və bu da 1 yaşına kimi uşaqları peyvənd etmək üçün yarım il ərzində kifayət edəcək.

Onun sözlərinə görə, ilkin olaraq 2 aylığı tamam olan uşaqlar dekabr ayında pnevmakok əleyhinə peyvəndə cəlb olunacaq: “Sonradan isə bu peyvənd 4-6 aylıq uşaqlara da vurulacaq. Ümumiyyətlə, dekabr ayından başlayaraq gələn ilin dekabr ayına kimi ölkədə 1 yaşına kimi bütün uşaqlara bu peyvənd tətbiq olunacaq. Bu müddət ərzində peyvənd 1 yaşa kimi olan 150 minə yaxın uşağı əhatə etməlidir”.

Qeyd edək ki, vaksinasiya respublikaya daxil olandan sonra İnnovasiya və Təchizat Mərkəzi tərəfindən uşaqların sayına və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bölgüsünə əsasən bütün rayon və şəhərlərə paylanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR