Azərbaycanda müəllim hazırlığı sistemi tam dəyişiləcək

Azərbaycanda müəllim hazırlığı sistemi tam dəyişiləcək
# 12 mart 2014 10:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Təhsil Nazirliyi Azərbaycanda müəllim hazırlığı sistemini tam dəyişmək qərarındadır”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov Salyan şəhərində keçirilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası”nda nəzərdə tutulan istiqamət və hədəflərin müzakirəsinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı deyib: “Bu gün məktəblərdə işləyən müəllimlərin peşəkarlıq səviyyəsi barədə düşünürüksə, yeni məktəbə gələn müəllimləri unuda bilmərik. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib müəllim işləyənlərə yenidən kurikulum təlimini keçməyə məcburuq. Bunların hamısı universitetdə tədris olunmalıdır. Azərbaycan Dövlət Pedaqoji Universiteti bitirən tələbə niyə yeni kurrikulum bilməməlidir? Yeni sistem artıq ölkədə 6-cı ildir tətbiq olunur. O baxımından nəzərdə tutulur ki, müəllim hazırlığı tam dəyişməlidir”.


Nazirlik rəsmisi əlavə edib ki, müəllim hazırlığı sistemində ən ciddi addım 4 illik bakalavr təhsilinin sonuncu 1 ilində internaturanın tətbiq olunması olacaq. Onun sözlərinə görə, ali təhsilin son 1 ilində tələbə bilavasitə məktəbdə işləyəcək, praktik bacarıqlara yiyələnməli, sonra dərs deməlidir: “Yalnız o zaman peşəkar müəllim keyfiyyətlərinə malik ola bilər. Beynəlxalq təcrübədə müəllim internatura müddətində müəyyən əmək haqqı da alır və yalnız buranı bitirəndən sonra diplom əldə edir. Hazırda Azərbaycanda ucqar kənd məktəblərində müəllim problemi var. Düşünürük ki, pedaqoji universitetləri bitirən və internaturanı keçmək üçün göndərilən tələbələri təyinatla həmin yerlərə göndərək. Onlar işləyəndən sonra təcrübə əldə etsinlər. Əgər orada qalıb işləmək istəsələr, onlar üçün şərait yaradılacaq və stimullaşdırıcı tədbirlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR