Nazir: “Meşələrin qırılmasının qarşısının alınması üçün çox iş görülüb”

Nazir: “Meşələrin qırılmasının qarşısının alınması üçün çox iş görülüb”
# 18 mart 2014 10:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib ki, meşələrin qırılmasının qarşısının alınması üçün çox işlər görülüb: “Əfsuslar olsun ki, burada da iki problem var. Birincisi, qazlaşma, odun ehtiyatı məsələsidir ki, bunun qarşısını almaq üçün sosial problemlə üz-üzə qalırıq. Bu məsələ tədricən aradan qaldırılır. İkincisi isə meşə idarələrinin yerlərdə müəyyən təsirlər altına düşməsidir. Bu istiqamətdə də tədbirlər görülür. Problemlərin sayı dəfələrlə azalıb. Bir sıra böyük rayon mərkəzləri qazlaşdırılıb. İnsanlar artıq pulunu odun almağa xərcləmirlər və nəticədə meşələrin qırılması azalıb. Paralel olaraq, hazırda boş yerlər meşələrlə örtülüb. Bu böyük nailiyyət deyil, lakin müsbət tendensiyadır. Bütün dünyada meşələr azaldığı dövrdə Azərbaycan kimi meşələrə təzyiqin çox olduğu ölkədə meşələrin 0,4 faiz artması yaxşı haldır”.

H. Bağırov onu da qeyd edib ki, Bakı ətrafında damcılı suvarma sistemi ilə çox növ ağaclar əkilir. Onun sözlərinə görə, 1 hektar əraziyə 4500 manat məbləğində vəsait xərclənir ki, bu həddən artıq az vəsaitdir: “Çox növlü ağalar içərisində zeytuna üstünlük verdik. Son 2 il yarım zaman ərzində Abşeron yarımadası və ətraf ərazilərdə damcılı suvarma ilə əkilən zeytun ağaclarının əhatə etdiyi ərazi Azərbaycan tarixində yaradılan zeytun ərazilərindən daha çoxdur. Artıq son 2 il ərzində əkilən ağacların hərəsi 200-300 qram zeytun da verib və zəhmətimizin nəticəsini görə bilirik. Cənub, şimal, qərb istiqamətində yolun kənarında bu zeytunluqları görmək olur. Harada imkan varsa, 500-1000-1500 dərinliyində əkinlər salınıb. Hazırda işlər davam etdirilir, daxili imkanlar, müəyyən vəsaitlər hesabına zeytunluqların salınması işi görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR