Pakistanda İran və Türkiyə parlamentlərinin sədrləri arasında görüş keçirilib - FOTO

Pakistanda İran və Türkiyə parlamentlərinin sədrləri arasında görüş keçirilib - <span style="color: red;">FOTO
# 12 fevral 2013 13:46 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. Pakistanın paytaxtı İslamabad şəhərində İran və Türkiyə parlamentlərinin sədrləri arasında görüş keçirilib. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafı, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

İran və Türkiyə arasındakı münasibətlərin yaxşı səviyyədə olduğunu deyən Əli Laricani bildirib ki, rəsmi Tehran xüsusilə iqtisadi əlaqələrin güclənməsinin tərəfdarıdır: “Bölgənin iki əhəmiyyətli ölkəsi olan İran və Türkiyə Suriyada dincliyin təmin edilməsi üçün mühüm işlər görə bilər. Suriyada müsəlmanların öldürülməsinin qarşısının alınması lazımdır. Suriyada baş verənlər İsrailin xeyrinədir. Çünki bu ölkəyə hücum etmək üçün fürsət gözləyir. İsrail Suriyanın paytaxtı Dəməşq şəhəri yaxınlığındakı bir araşdırma mərkəzini bombalayarkən bunun şahidi olduq. Bu baxımdan İran və Türkiyə Suriya mövzusunda müzakirələri davam etdirməlidir”.

İran parlamentinin spikeri NATO-nun Türkiyə-Suriya sərhədinə “Patriot” raketləri yerləşdirməsindən ölkəsinin məmnun olmadığını və narahatlıq hissi keçirdiyini də diqqətə çatdırıb: “Problemlərin bölgə ölkələri tərəfindən həll edilməsi lazımdır. Çünki supergüclər bölgədə problem yaradaraq mövcud problemlərin daha da dərinləşməsni istəyir. İran Suriyada siyasi islahatlara dəstək verir. Çünki bu ölkədə demokratiyanın silah gücü ilə reallaşmayacağına inanır”.

Cəmil Çiçək isə öz növbəsində İran və Türkiyə arasındakı tarixi əlaqələrə toxunaraq, bu münasibətlərin bölgənin mənfəətinə olduğunu vurğulayıb. TBMM sədri deyib ki, müsəlman ölkələrindəki inkişaflardan sui-istifadə edən xarici qüvvələr bölgənin təbii sərvətlərini talan edərək xalqı çətin vəziyyətə buraxmaq istəyirlər.

Türkiyənin Suriya mövzusundakı siyasi cəhdlərini xatırladan C.Çiçək bu məsələ ilə bağlı göstərilən səylərin bu günə qədər təsirsiz olduğunu söyləyib: “Türkiyə Suriyanın ərazi bütövlüyünə dəstək verir və bu ölkədəki hər cür etnik və məzhəbi qarşıdurmanı qınayır. Suriyadakı qarşıdurmalar mütləq dayandırılmalıdır. Xarici qüvvələrin bu ölkəyə müdaxiləsindən narahatıq”.

TBMM sədrinin sözlərinə görə, “Patriot” raketləri, sadəcə, müdafiə məqsədlidir: Türkiyə heç bir ölkəyə hücum etmək niyyətində deyil. İran bu məsələdən narahat olmamalıdır. Çünki Suriyadakı böhrana son qoyulduğunda raketlər də geri göndəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR