Paşha Bank
Bank Of Baku

Rizvan Nəbiyev: Azərbaycanda dövlət hesabına hüquqi yardım təcrübəsi əvvəldən mövcud olub

deputat Rizvan Nəbiyev

© APA | deputat Rizvan Nəbiyev

# 30 oktyabr 2026 12:36 (UTC +04:00)

Azərbaycanda dövlət hesabına hüquqi yardım təcrübəsi bu layihədən əvvəl də mövcud olub.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsinin müzakirəsində deyib.

Deputat bildirib ki, onun hüquqi əsasını Konstitusiyanın 61-ci maddəsi və qüvvədə olan qanunvericilik təşkil edir: “Yeni layihə həmin təminatların daha sistemli təşkilinə xidmət edir. Azərbaycan beynəlxalq öhdəliklər baxımından tərəfdar çıxdığı beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərə əməl edir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndi və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 3-cü bəndi konkret təminatlar müəyyən edir. Cinayət ittihamı ilə üzləşən şəxsin kifayət qədər vəsaiti olmadıqda və ədalət mühakiməsinin maraqları tələb etdikdə, ona ödənişsiz hüquqi yardım göstərilməlidir. Məhkəmədə istifadə olunan dili anlamayan və ya həmin dildə danışa bilməyən şəxsin pulsuz tərcüməçi hüququ isə onun maddi vəziyyətindən asılı deyil”.

Rizvan Nəbiyev Bakı Hərbi Məhkəməsində ağır cinayətlərdə ittiham olunan şəxslərin müdafiəsinin təmin edilməsinin bu baxımdan konkret nümunə olduğunu vurğulayıb: “Məsələn, Ruben Vardanyanın dövlət hesabına vəkillə, həmçinin, bildiyi rus dilində tərcüməçi ilə təmin olunması bu nümunələrdəndir. Bu fakt müdafiə hüququnun ittihamın ağırlığından asılı olmadığını nümayiş etdirən mühüm prosessual təminatdır”.

Deputat qeyd edib ki, Azərbaycanın hüquqi dövlətçilik modelinin əhəmiyyəti də məhz qanunun hər kəsə tətbiqində, zərərçəkmişlərin ədalət tələbi ilə təqsirləndirilən şəxsin müdafiə hüququnun birlikdə qorunmasındadır: “Belə ki, dövlətin gücü cinayəti araşdırmaqla yanaşı, ittiham olunan şəxsin hüquqlarına təminat verməsində də ifadə olunur. Prezident İlham Əliyevin Bakı Hərbi Məhkəməsindəki prosesi “Nürnberq tribunalı”nın analoqu kimi xarakterizə etməsi tam yerinə düşür”.

Onun sözlərinə görə, hətta ittiham olunan şəxslərdən biri prosessual hüquqlarının pozulması və ədalətli məhkəmə ilə bağlı BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupuna müraciət etmişdi: “BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu isə 2024-cü ilin noyabrında Vardanyan barədə 46/2024 saylı rəyində bütün ittihamları rədd edib, onun azadlıqdan məhrum edilməsini özbaşına həbs hesab etməyib. Bu da Azərbaycan Respublikasının hüquqi dövlət kimi bu Qanun layihəsindən əvvəl fəaliyyətini bir daha nümayiş etdirir”.

Deputat qanunun tətbiq dairəsi məsələsinə də toxunub: “Şəhid ailələri və müharibə veteranlarının burada nəzərə alınması postmünaqişə dövründə də dövlətimizin cəmiyyətin həmrəyliyinə verdiyi dəyəri göstərir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR