Şamaxı Astrofizika Rəsədxanasının strukturunda dəyişikliklər edilib

Şamaxı Astrofizika Rəsədxanasının strukturunda dəyişikliklər edilib
# 29 iyun 2016 11:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) AMEA Rəyasət Heyətinin səyyar iclası keçirilib. AMEA-dan APA-ya verilən xəbərə görə, tədbirdə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “AMEA Şamaxı Astrofizika Rəsədxanasında elmin inkişafının perspektiv istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

N.Cəlilov astrofizika və bu elmə yaxın sahələrdə xarici ölkələrdə çalışan azərbaycanlı alimlərlə əlaqələrin qurulması, onlarla birgə elmi-tədqiqat qruplarının yaradılması, kosmik müşahidələr aparan elmi mərkəzlərlə birgə sinxron yerüstü və kosmik müşahidələrin yerinə yetirilməsi kimi təkliflər səsləndirib. O, qeyd edib ki, bunun üçün ilk növbədə Azərbaycanda çalışan astrofiziklərin mobilizasiyasına başlamaq və respublikada olan astronomik cihazların modernləşdirilməsi prosesini yekunlaşdırmaq lazımdır.

Məruzəçi AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası və Ordubadda yerləşən Ağdərə Astronomiya stansiyasının imkanlarından fotometrik müşahidələr üçün istifadə olunması təklifini irəli sürüb. Qeyd edib ki, bu məqsədlə mütəxəssislər tərəfindən orada olan teleskopların texniki vəziyyətinin qiymətləndirilməsi, onların modernləşdirilməsi, müvafiq müqavilələrlə teleskopların birgə istismarına başlanılması istiqamətində mühüm işlər görülməlidir

Məruzə dinlənildikdən sonra kadr hazırlığına köməklik üçün Şamaxı Astrofizika Rəsədxanası üzrə AMEA-nın magistraturasında yer ayrılması, qəbul edilmiş prioritet istiqamətlərə uyğun olaraq elmi təşkilatın strukturunda dəyişikliklər edilməsi və s. bağlı müvafiq qərarlar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR