Ekspert: “Rusiya miqrant məsələsini gündəmə gətirməklə Azərbaycanı Avrasiya Gömrük İttifaqına qoşulmağa məcbur etmək istəyir” - APA TV

Ekspert: “Rusiya miqrant məsələsini gündəmə gətirməklə Azərbaycanı Avrasiya Gömrük İttifaqına qoşulmağa məcbur etmək istəyir” - <span style="color: red;">APA TV
# 11 mart 2013 15:12 (UTC +04:00)

Bakı – APA TV. "Rəsmi Moskva miqrant məsələsini gündəmə gətirməklə MDB dövlətlərini Avrasiya Gömrük İttifaqına qoşulmağa məcbur etmək istəyir". Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev Rusiya prezidenti Vladimir Putinin "Rusiya 2015-ci ildən etibarən Gömrük İttifaqına daxil olmayan ölkələrdən gələn işçi qüvvəsini məhdudlaşdıracaq" fikrini şərh edərkən APA TV-yə deyib ki, Rusiya dövlət başçısının səsləndirdiyi fikirlər uzun müddətə hesablanmış proqramın tərkib hissəsidir. Onun sözlərinə görə, Rusiya miqrantlar məsələsini müzakirə obyekti etməklə Rəsmi Bakıya təzyiq etmək fikrindədir.

Ə. Əliyev bildirib ki, ötən il Brüsseldə Dünya Gömrük Təşkilatının iclasında Avrasiya Gömrük İttifaqının nümayəndəsi Azərbaycana da bu quruma qoşulmağı təklif edib: "Lakin Azərbaycan tərəfi buna cavab olaraq quruma qoşulmayacağını bildirib. Siyasi baxımdan Rusiya özündən asılı olan dövlətlərin siyahısını artırmağa çalışır. Rusiyada hesab edirlər ki, Azərbaycan əhalisinin əmək qabiliyyətli şəxslərinin təxminən 20 faizi Rusiya Federasiyasındadır və Azərbaycanda ayrı-ayrı ailələrin büdcələrinin formalaşmasında Rusiyada olan azərbaycanlı miqrantların müstəsna rolu var. Düşünürlər ki, məhz o miqrantlara təzyiq etməklə Azərbaycanı da öz ətraflarında birləşdirə biləcəklər”.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı isə hesab edir ki, miqrantalarla bağlı qanun qüvvəyə minərsə, bu Rusiyada yaşayan və işləyən azərbaycanlı əmək miqrantlarının sayına ciddi təsir göstərməyəcək. O qeyd edib ki, rəsmi məlumatlara əsasən hazırda Rusiyada 620 min azərbaycanlı yaşayır ki, onların təxminən yarısından çoxu Rusiya vətəndaşlığını alıb və artıq bu ölkədə yaşayan azərbaycanlı sayılır. Digər bir məsələ Rusiyada yaşayan azərbaycanlıların ölkə iqtisadiyyatında tutduğu mövqedir: "Azərbaycan miqrantları nə qədər Azərbaycana lazımdırsa, ondan da çox Rusiyaya lazımdır. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Xüsusən də Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda illik 10 faiz inkişaf tempini nəzərə alsaq onda görəcəyik ki, Azərbaycan miqrantlarının sayı ilbəil azalıb. Necə ki, indiyə qədər azalır”.

Qeyd edək ki, Azərbaycan Rusiyanın Avrasiya Gömrük İttifaqına üzvlüklə bağlı təklifini rədd edib. Bu ilin əvvəlində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev rəsmən bildirib ki, Azərbaycan Avrasiya Gömrük İttifaqına qoşulmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR