Binə Ticarət Mərkəzini su basıb, sahibkarlara külli miqdarda ziyan dəyib - REPORTAJ - FOTOSESSİYA

Binə Ticarət Mərkəzini su basıb, sahibkarlara külli miqdarda ziyan dəyib - <font color=red>REPORTAJ - FOTOSESSİYA</font>
# 24 sentyabr 2012 13:16 (UTC +04:00)
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ticarət mərkəzində yerləşən yüzlərlə obyektə su dolub. Nəticədə dükanı su basmış sahibkarların hər birinə orta hesabla 20-40 min manat məbləğində ziyan dəyib. Təxmini hesablamalara görə, milyonlarla manatlıq mal yararsız vəziyyətə düşüb.

Burada fəaliyyət göstərən sahibkar Nəzakət Yaqubova APA-nın müxbiri ilə söhbətində ona 20 min manatdan artıq ziyan dəydiyini bildirib: “Mən evimi girov qoyub bankdan 50 min dollar kredit götürmüşəm. Bu hadisə nəticəsində bədbəxt oldum. Ticarət mərkəzinin nümayəndələrinə müraciət etmişəm, amma bir söz demirlər”.

Rövşən Məmmədov adlı sahibkar isə ona dəyən ziyanı hələ hesablamadığını bildirib: “Mən bahalı mallar satıram. Ən ucuzunun qiyməti 100 dollardır. Malları asmışdım, hamısı islanıb...”

Məlum olub ki, ticarət mərkəzini sentyabrın 23-dən 24-dən keçən gecə yağan yağışdan sonra su basıb. Belə ki, kanalizasiya xətti işləməyib, həmçinin dükanların bir qisminə su damıb.

Satıcılar ticarət mərkəzi rəhbərliyinin onların dükanlarını zorla sığorta etdirdiyini də bildirib: “Amma eşitmişik ki, sığortadan bizə qəpik də verməyəcəklər”.

APA-nın müxbiri ticarət mərkəzində olarkən elektrik verilişinin dayandırıldığı məlum olub. Sahibkarlar bildirib ki, bir neçə gün əvvəl baş vermiş zəhərlənmə hadisəsindən sonra onların generator işlətməsinə icazə verilmir: “Dükanlara sayğac qoyulmayıb. Kondisioner olan dükandan ayda 90, kondisioner olmayan dükanlardan isə 40 manat pul yığırlar. Biz işlətdiyimiz enerjidən artıq pul verdiyimizi bilirik. Amma pulu artıqlaması ilə ödədiyimizə baxmayaraq, işıqlar gördüyünüz kimi yanmır”.

Sahibkarlar ticarət mərkəzi rəhbərliyinin hər ay onlardan təxminən 1000 manat məbləğində “kommunal xidmət haqqı” yığmasına da etiraz edib: “Alver az gedən dükanlardan 850, öndə olanlardan 1050 manat yığılır. Bu boyda da kommunal xidmət haqqı olar?!”

Ticarət mərkəzində olarkən APA-nın suallarını bu qurumun hüquqşünası Fuad Cəfərov cavablandırıb. O, məhz özünün açıqlama verməsini ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın müsahibə vermək istəməməsi ilə izah edib: “Onun sözünü biz deyirik”.

F.Cəfərov sahibkarların ticarət mərkəzinin rəhbərliyinə ünvanladığı bütün ittihamları rədd edib. Mərkəz rəhbərliyinin heç kəsin dükanını sığorta etdirmədiyini deyən hüquqşünas subasma ilə əlaqədar sahibkarların özlərini günahlandırıb: “Biz əvvəlcədən xəbərdar etmişik ki, dükanda olanlara görə cavabdeh deyilik. Bu məsələ ilə bağlı müqavilədə də göstərilib. Satıcılara əvvəlcədən demişdik ki, malları yerə qoymasınlar. Qoyublar, su basıb. Gecə buranı su basanda əməkdaşlarımız və ticarət mərkəzinin rəhbərliyi saat 3-də bura gəlmişdi. Həmin vaxtdan ticarət mərkəzinə yığılmış su çəkilməyə başlayıb”.
F.Cəfərov sentyabrın 24-də ticarət mərkəzində elektrik enerjisinin hansı səbəbdən kəsilməsindən xəbərsiz olduğunu deyib: “Biz hələ dəqiq bilmirik ki, “Bakıelektrikşəbəkə”dən bizə gələn xətdə, yoxsa bizim naqillərdə problem var”.

Gündəlik “kommunal xidmət haqqının” sahibkarların dediyinin əksinə olaraq azlığından şikayətlənən hüquqşünas obyektlərdə sayğac olmadığını etiraf edib: “Biz “Bakıelektrikşəbəkə”yə hər ay yüz minlərlə manat pul ödəyirik”.

Ticarət mərkəzindəki dükanların sayını açıqlamayan F.Cəfərov sentyabrın 16-da burada baş verən yanğınla əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan olmadığını da bildirib.

Hüquqşünas “sahibkarlara dəyən ziyanla bağlı onlara hər hansı kömək göstəriləcəkmi?” sualına isə konkret cavab verməyib. O, sahibkarların dükanlarını su basmasını “təbii fəlakət nəticəsində baş vermiş hadisə” adlandırıb: “Biz onların mallarının digər dükanlara köçürülməsinə kömək edəcəyik, həmin dükanları mühafizəçilərlə təmin edəcəyik. Artıq sahibkarlarla danışmağa başlamışıq”.

APA-nın əməkdaşı yenidən sahibkarlara müraciət edib. Lakin sahibkarlar mərkəz rəhbərliyi və ya nümayəndələrindən onlarla heç kəsin maraqlanmadığını bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR