Ziyafət Əsgərov: “Azərbaycanda fəaliyyət göstərən diplomatların yalnız sabitliyi pozmağa meyl edən qüvvələrlə görüşmələrində məqsəd onları qızışdırmaqdır”

Ziyafət Əsgərov: “Azərbaycanda fəaliyyət göstərən diplomatların yalnız sabitliyi pozmağa meyl edən qüvvələrlə görüşmələrində məqsəd onları qızışdırmaqdır”
# 25 aprel 2012 09:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Azərbaycanda fəaliyyət göstərən diplomatlar nə üçün qaçqın və məcburi köçkünlərlə deyil, ölkədə sabitliyi pozmağa meyl edən qüvvələrlə görüşürlər? Deməli, məqsəd həmin qüvvələri qızışdırmaqdır. Diplomatların istənilən insanla görüşməyə ixtiyarları var. Amma diplomatlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması barədə söhbət aparırlarsa, bu onların statusu ilə bir araya sığmır və etikadan kənardır”. APA-nın xəbərinə görə, bunu Milli Məclis (MM) sədrinin I müavini Ziyafət Əsgərov ölkədə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin İctimai Palatanın Koordinasiya Şurasının üzvləri ilə dünən keçirdikləri görüşə münasibət bildirərkən deyib.

“Ümumiyyətlə, diplomatik missiyaların fəaliyyəti haqqında konvensiyada belə məsələlər nəzərdə tutulur. Biz buna faciə kimi baxmırıq. Diplomatlar kiminlə istəsələr, görüşə və söhbət edə bilərlər. Axı niyə onlar məhz bu insanlarla görüşürlər? Başqa kateqoriyadan olanlarla görüşmürlər. Mən çox arzulayardım ki, o diplomatlar Azərbaycanın qaçqın və məcburi köçkünləri ilə də görüşsünlər”, - deyə Z. Əsgərov bildirib.

Z. Əsgərov bu məsələlərə biganə qalmayacaqlarını da vurğulayıb: “Ona görə də Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələrinə müraciət edirəm: əgər belə görüşlər Azərbaycanda bərqərar olan ictimai-siyasi sabitliyi pozmağa xidmət edirsə, bu, bilavasitə Azərbaycanın daxili işlərinə qarışmaqdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR