Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 62-ci sessiyası keçirilib

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 62-ci sessiyası keçirilib
# 19 sentyabr 2012 13:34 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Maltada Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Komitəsinin 62-ci sessiyası və Daimi Komitənin növbəti iclası keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlərdə səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib.

Avropa Regional Komitəsinin 62-ci sessiyasının ilk iclasında O. Şirəliyev gündəliyin birinci maddəsinə uyğun olaraq tədbirin yeni Rəyasət Heyətinin tərkibi haqqında təklifləri təqdim edib. 62-ci sessiyanın sədri vəzifəsi Maltanın səhiyyə naziri Cozef Kassara həvalə olunub. İcraçı sədr və icraçı sədrin müavini vəzifələri uyğun olaraq İsveç və Bolqarıstana, sessiyanın xüsusi hesabatçısı vəzifəsi isə Azərbaycana həvalə edilib.

Tədbirlər çərçivəsində Azərbaycan tərəfi Avropa məkanında səhiyyə sahəsində tərəfdaşlıq məsələlərinə dair, Ümumdünya Səhiyyə Təşkilatı proqramlarının maliyyələşməsi və büdcə haqqında çıxışlar edib. İctimai səhiyyənin gücləndirilməsi və Azərbaycanda aparılan fəaliyyət haqqında xülasə katibliyə təqdim olunub. Təşkilatın büdcəsinin müzakirələrində Azərbaycan tərəfi bildirib ki, verilən maliyyə vəsaitləri ünvanlı deyil, təşkilatın əsas prioritet məsələlərinə uyğun olaraq xərclənməlidir.

Azərbaycan tərəfi sessiya çərçivəsində Belarus, Qazaxıstan, Rusiya Federasiyası, Türkiyə, Malta və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirib.

Avropa Regional Komitəsinin növbəti 63-cü sessiyasının 2013-cü ilin sentyabrında Portuqaliyanın Lissabon şəhərində keçirilməsi qərara alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR